Ata 10 il sonra tapıldı, uşağı nənədən aldı

288

Anasını körpəliyindən itirən 10 yaşlı Camal Kərimov qeyri-rəsmi olaraq nənəsinin himayəsində böyüyüb. Atası Camaldən illərdir ki, xəbər tutmur. Onu atıb gedib. İndi illər sonra ortaya çıxıb, Camalı nənəsindən alaraq məhkəmə yolu ilə öz himayəsinə keçirib.

Sosialmedia.az bildirir ki, Bu barədə Axar.az-a 10 yaşlı Camal Kərimovun nənəsi Südabə Mirzəyeva müraciət edib.

O, nəvəsini geri qaytarmaq üçün yardım istəyib:

“Atası uşağa psixoloji təzyiq göstərərək onu qorxudub. Camal məhkəmədə məcbur qalıb atası ilə yaşamaq istədiyini dedi. Uşaq atası ilə xoşbəxt deyil. Bilsəm ki, atası ilə rahat yaşayacaq, razıyam. Lakin belə halda nəvəmi atasının himayəsinə buraxa bilmərəm. Məhkəmə yolu ilə nəvəmi geri almaq hüququmun olub-olmadığını bilmək istəyirəm”.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Vəkillər Kollegiyasının üzvü Roman Qaraşov bildirib ki, məhkəmənin artıq qanuni qüvvəyə minmiş qərarı var. Bu qərar dövlət adından çıxarılır və icrası məcburidir:

“Məhkəmə əgər uşağın nənədən alınıb atasının himayəsinə verilməsini müəyyən edibsə və bununla bağlı məhkəmənin qanuni qərarı qüvvəyə minibsə, bu mübahisələndirilə bilməz. Yalnız qərar ləğv edildiyi, o cümlədən uşağın maraq və mənafeyi nəzərə alındığı halda uşaq yenidən nənəyə verilə bilər. Uşağa psixoloji təzyiq olunması, baxımsız qalması, təhsildən yayınması, maddi ehtiyaclarının ödənilməməsi, ona qarşı fiziki şiddət olması ilə bağlı əyani sübut olmalıdır. Bu zaman əldə edilmiş sübutlarla bərabər məhkəmədə iddia qaldırmaq olar. İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası da bununla bağlı yeni rəy verir. Həmin rəyə uyğun məhkəmə qərar verə bilər. Lakin uşağın kiminlə yaşamaq istəyib-istməməsi fikri bu qərarı dəyişmir. Çünki valideynlik hüququ bərabərdir. Əgər ata tərəfindən bu hüquq pozulmursa, uşağın təlabatları normal şəkildə ödənirsə, üstünlük ataya verilir. Yalnız ata uşaqdan imtina etdiyi halda uşağın nənəyə verilməsi mümkündür”, – vəkil qeyd edib.