Veteranlar diqqətli olmalıdır

239

Bu kateqoriya insanlardan istifadə edərək öz maraqlarını güdən QHT-lər meydan sulayır

Sosialmedia.az bildirir ki, Prezident Administrasiyasının rəsmisi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədr müavini Vüsal Quliyev “Nəsillərin görüşü” adlı konfransda vətəndaş cəmiyyəti ilə bağlı bir sıra fikirlər səsləndirib. V.Quliyev qeyd edib ki, veteranlarla bağlı ölkədə 100-ə qədər QHT fəaliyyət göstərir. Sədr müavini vurğulayıb ki, bu kateqoriya insanlardan istifadə edərək öz maraqlarını güdənlər var. Ona görə veteranlar diqqətli olmalıdırlar: “Əfsuslar olsun ki, bu gün veteran adından sui-istifadə edən və bu işlə məşğul olan QHT-lər arasında mənfi yol tutan qüvvələr var. Veteranlarla işlərə diqqətlə yanaşılmalıdır”. Şura rəsmisi vurğulayıb ki, bu cür görüşlər təkcə rəsmi deyil, qeyri-rəsmi formatda da təşkil olunmalı, təcrübə mübadiləsi aparılmalıdır: “Biz də bu işlərə hər cür dəstək göstərməyə hazırıq”.

Vüsal Quliyevin toxunduğu məqamla bağlı fikirlərini “Şərq”ə bölüşən “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri, “QHT.az” saytının rəhbəri Cəsarət Hüseynzadə deyib ki, qaldırılan məsələnin həqiqətən vacib olduğunu söyləyib. QHT rəhbəri bəyan edib ki, bəhs edilən məsələ bir müddətdir ki, bu sahədə çalışan ekspertləri də narahat edir:

“Bütün sahələrdə olduğu kimi QHT sektorunda da müəyyən şəxslər bəzi məsələlərlə bağlı qərəzli mövqe nümayiş etdirməklə öz şəxsi mövqelərindən çıxış edirlər. Xüsusən, həssas təbəqələrlə, veteranlar, qazilər, şəhid ailələri ilə bağlı mövzularda bu hal özünü büruzə verir. Vətəndaş cəmiyyətinin təmsilçiləri öz fəaliyyətləri ilə cəmiyyətə nümunə olmalıdırlar. Təşkilat rəhbərləri qaldırdıqları məsələnin, səsləndirdikləri fikirlərin ictimai məsuliyyətini anlamalıdır. QHT-nin fəaliyyətində dövlətçilik, milli maraqlar və vətəndaşların mənafeyi əsas prioritet olmalıdır. Təəssüf hissi ilə qeyd etmək istərdim ki, qeyri-hökumət təşkilatları ictimai nəzarəti həyata keçirən institut olmağına baxmayaraq, bəzi məqamlarda onların işlərinə də nəzarət olunmasına ehtiyac duyulur. Əlbəttə, söhbət inzibati nəzarətdən deyil, cəmiyyətin nəzarətindən gedir”.

C.Hüseynzadənin qənaətincə, QHT-lər medianın imkanlarından istifadə etməklə öz nüfuzunu qaldıra bilər:

“Uğur hekayələri olan QHT-lər cəmiyyətdə tanınmalıdır ki, digərlərindən fərqləri görünsün. Vətəndaş cəmiyyəti sektorunun üzvləri də adları mənfi hallarda hallanan qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə əməkdaşlıq etməməlidir. Bir növ onları ictimai qınaqla proseslərdən təcrid etməlidirlər. Başqa bir mexanizm kimi QHT-lərin ixtisaslaşması da vacib amillərdəndir. Bu istiqamətdə müvafiq qurumlar işləməlidir”.