GƏNCƏDƏ SÜKUT DA DANIŞIR

141

Əzəl torpaqlarımızın işğaldan azad edilməsi və dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda 44 günlük Vətən müharibəsindən bir il ötür. Haqq və ədalətin bərqərar olması naminə yaşanmış və xalqımızın zəfər tarixinə əbədi həkk olmuş bu müqəddəs savaşın ən qanlı səhifələrindən biri də erməni faşistlərinin Gəncə şəhərinin dinc əhalisinə qarşı törətdikləri terror aktı olub. Həmin günlərdə keçirdiyimiz hisslər hər bir kəsə bəllidir və sözlə ifadə olunası mümkün deyil.

Sosialmedia.az bildirir ki, Bu dəhşətli terror aktı ilə bağlı efirdən eşitdiklərimi bir zaman gözlərimlə görəcəyimə inanmırdım. Amma gördüm…
Və gördüklərim məni sözün həqiqi mənasında sarsıtdı…

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə bir qrup QHT rəhbərləri və jurnalistlərin Gəncə şəhərinə baş tutmuş səfərində insan donuna girmiş vəhşilərin – erməni işğalçılarının dinc, günahsız və silahsız həmvətənlərimə qarşı xüsusi qəddarlıq və amansızlıqla törətdikləri ağılasığmaz cinayətin şahidi oldum. Dağıdılmış və viran olmuş yaşayış binalarının qalıqlarına, hadisənin baş verdiyi əraziyə səpələnmiş ev əşyalarına, qalaq-qalaq yığılmış uşaq oyuncaqlarına nəzər yetirdikcə bu mənzərənin təbii fəlakətin yox, insanın insana qarşı törətdiyi vəhşi əməlin nəticəsi olduğuna kədər, nifrət və qisas hissi ilə təəccüblənirsən.

İgid əsgərlərimizlə üz-üzə dayanmağa cəsarəti çatmayan mənfur ermənilərin qocaları və qadınları, uşaqları və körpələri hədəfə alması – ən qatı cinayətdir. Bu cinayəti görüb susmaq isə – ikiqat cinayətdir. Bu bölgəyə dəfələrlə səfər etmiş, faciənin yaratdığı mənzərəni öz gözləri ilə görmüş, şəhid analarının fəryadını qulaqları ilə eşitmiş xarici ölkə nümayəndələrinin, beynəlxalq təşkilatların təmsilçilərinin mövqeyi ən azından təəccüb doğurur. Birmənalı qarşılanan olaya ikili standartlarla yanaşmaqmı olar? Təəssüf ki, susanlar danışanlardan, gördüklərini bölüşüb haqq səsini ucaldanlardan azdır. Beynəlxalq qurumların sivil dövlət kimi tanınmaq haqqı olmayan Ermənistana qarşı heç bir sanksiya tətbiq etməməsi, dövlət siyasətinə çevrilmiş erməni faşizmini beynəlxalq səviyyədə ifşa etməməsi – acınacaqlıdır. Bu həm də bizim haqq və ədalət uğrunda mücadiləmizin hələ uzun müddət davam edəcəyini, bu mübarizəyə hər zaman hazır olmağımızın vacibliyini göstərir.

Gəncə şəhərinin terror aktına məruz qalmış məhəllələrində sükut hökm sürür. Yalnız ilk baxışdan…
Əslində isə burada qətlə yetirilmiş insanların göz yaşına və qanına bulaşmış daşlar da, bir vaxtlar körpələri sevindirən əzilmiş və sınmış oyuncaqlar da, dağıntılar üzərinə səpələnmiş güllər də danışır. Bu faciənin səsini dünyaya çatdırmaq, gələcək nəsillərə ötürmək hər birimizin borcudur.

Ruhiyyə Məmmədova,
“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri