Tələb qoyulub ki, 1-i xanım olmalıdır – Müsahibə

165

Qarabağ qazisi, Azərbaycan Boccia İdman Federasiyasının baş katibi, Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə baş məşqçisi İlham Məhərrəmovun müsahibəsini təqdim edir:

– Boccia Federasiyasının Qarabağla bağlı hansı layihələri var? İşğaldan azad olunmuş ərazilərimizə fiziki məhdudiyyətli idmançılarımızın aparılması nəzərdə tutulub?

– Bəli, bununla bağlı artıq Azərbaycan QHT sektorunun rəhbərliyinə müraciət etmişik. QHT üzvlərinin çoxu Ağdama, Şuşaya gedib, işğaldan azad olunmuş torpaqlarımızı görüblər. Biz də həm Arabaçı Əlillər Şəbəkəsi İctimai Birliyinin, həm də Boccia İdman Federasiyasının adından əlilliyi olan idmançılarımızla bərabər Şuşaya getmək istəyirik. Şuşada boccia oyununu nümayiş etdirməyi planlaşdırırıq. Bununla bağlı posterlər hazırlayıb dünyanın 70-ə yaxın boccia oynayan ölkəsinin dilinə tərcümə edəcəyik.

– Qazilərimizi bocciaya cəlb etməyi planlaşdırırsınızmı?

– Əlbəttə. Lakin məsələ ondadır ki, boccia oyunu ilə yalnız əlləri zəif olan və ya əli tamamilə işləməyən insanlar məşğul olur. Qazilərimiz arasında bu cür fiziki məhdudiyyəti olanları bocciaya cəlb edə bilərik.

– Bölgələrimizdə yaşayan fiziki məhdudiyyətli istedadlı gənclərin bocciaya cəlbi necə həyata keçirilir?

– Federasiyamız yarandığı gündən, demək olar ki, bölgələrimizdə yaşayan bütün fiziki məhdudiyyətli şəxsləri bocciaya cəlb etmişik. Hazırda bütün bölgələrimizdən boccia idmanına üzv olan fiziki məhdudiyyətli şəxslər var.

– Hazırda komandanızın neçə üzvü var? Bu idman növündə xanımlar, yoxsa bəylər daha uğurludur?

– Dekabr ayında boccia üzrə ölkə çempionatı keçiriləcək. 2019-cu ildə keçirilən çempionatda 60 nəfərə yaxın əlili arabasında olan idmançımız iştirak etmişdi. Bu il də 60 nəfər nəzərdə tutulub. Onların içərisindən milli komandamızın üzvləri seçiləcək. Bu idman növündə həm xanımlar, həm də bəylər iştirak edirlər. Beynəlxalq Boccia Federasiyasının tövsiyəsinə və tapşırığına görə, komandada mütləq xanımlar olmalıdır. Hətta tələb qoyulub ki, əgər 2 idmançı komanda olaraq çıxırsa, 1-i mütləq xanım olmalıdır. Boccia üzrə xanımlarımız heç də bəylərdən geri qalmırlar.

– Boccia İlham Məhərrəmova nə qazandırıb?

– Boccia mənə əlilliyi olan yüzlərlə insanı cəmiyyətə inteqrasiya etdirməyi qazandırıb. Bu işin savab tərəfi ömrüm boyu bəsimdir.

– Tələbələrinizə oyuna diqqəti artırmaq üçün detektiv kitablar oxumalarını məsləhət görürsünüz. Daha çox hansı yazıçılara üstünlük verirsiniz?

– Tələbərimizə ümumiyyətlə tapşırıq vermişəm ki, öz rəqiblərinin videolarını Yutubda tapıb izləsinlər. Detektiv və məntiq kitablarına daha çox üstünlük versinlər. Çünki bu, quracaqları oyunda sürətli və məntiqli olmalarını artırır. Daha çox Çingiz Abdullayevin əsərlərini oxuyurlar.

– Qələbə xəbərini aldığınız gün bir qazi olaraq nə hisslər keçirdiniz?

– Çox sevindim. Mən də Birinci Qarabağ müharibəsi qazisiyəm. Vətən müharibəsi qazilərimizi harada görsəm, bağrıma basıb minnətdarlığımı bildirirəm. Ali Baş Komandanımız İlham Əliyev xalqın yenilməzliyini sübut etdi. Qarabağ zəfərimizdən sonra Vətənimizə paralimpiyaçılarımız da qələbə gətirdi. Tokioda keçirilən olimpiadada öz güclərini göstərdilər. 14 qızıl medalla xalqımızı yenidən sevindirdilər. Arzu edirəm bütün torpaqlarımız işğaldan azad olunsun. Bir daha ölkəmizdə müharibə olmasın.