Bir ölüb, külümüzdən min törəyərik!-Mətanət Əsgərqızı

200

… Kim deyir zaman ən gözəl məlhəmdir? Düz bir il ötüb 2020-ci ilin 4 oktyabrından…

Ağdam və Şuşa səfrlərindən sonra bu dəfə də Azərbaycan Respublikasının Prezidenti yanında QHT- lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Gəncəyə gəldik. Səfərin məqsədi 44 günlük Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələrinin ən böyük şəhərimiaz olan Gəncədə əhalinin sıx məskunlaşdığı ərazilərə raket zərbələri endirməsi nəticəsində həlak olanları anmaq, hadisə yerlərinə ziyarətin təşkili və birinci ildönümünə həsr olunmuş Konfransın keçirilməsi idi. Gəncədə fəaliyyət göstərən QHT-lərlə birgə təqribən 100-ə yaxın təşkilat Gəncə terrorunda həlak olanların xatirəsini yad etmək üçün anım yerinə gəldik. Tədbirdə iştirak edənlərin böyük əksəriyyəti insan, uşaq, qadın hüquqları sahəsində fəaliyyət göstərən təşkilatlar idi.
Bir çoxumuz bu səfərə qədər artıq buradakı dəhşətli mənzərəni görmüşdü. Lakin zaman keçdikcə baş verənlərin dəhşətini daha çox dərk edirsən. 2020-ci ilin 27 sentyabrında xaincəsinə hücum edən Ermənistan Silahlı Qüvvələrinin qarşısını almaq üçün əsgərindən tutmuş uşağına qədər Vətən Müharibəsində bir yumruq oldu. Bu müqəddəs savaşın hər günündə tarix yazan Azərbaycanın dinc əhalisinə qarşı ermənilərin törətdikləri terror aktı ilk olaraq ən böyük şəhərimiz olan Gəncəyə yönəldi. Döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan ordusu şəhərlərimizi bombalamaq və raket atəşinə tutmaqla sanki sonrakı məğlubiyyətlərini ört-basdır edirdi… Ayrı-ayrı vaxtlarda Gəncə beş dəfə bombalandı və raket atəşinə tutuldu. Nəticədə 27 nəfər şəhid oldu. 175 nəfər yaralandı, onlarla mülki və dövlət obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydi.
Dağıdılmış və xarabaya çevrilmiş yaşayış binalarının qalıqlarına, səpələnmiş ev , uşaq əşyalarına, oyuncaqlara baxdıqca qanın donur… Qəddarlıq və hərbi cinayət həyata keçirilmişdi… Qocaların , qadınların, uşaqların və körpələrin hədəfə alınması ən böyük günah və qatı cinayətdir. Burada bir sükut var. Sanki zaman donub , 2020-ci ilin 4 oktyabırında saat 01.55-də qalıb. Artıq bura açıq muzeydi.

Üzü qan içində olan Bəxtiyarın gülüşü düşmənə cavab oldu!

Həmin günlər dağıntılar altından çıxarılmış beş yaşlı Bəxtiyar Heydərlinin qanlar içində, lakin üzündə təbəssüm olan bir şəkili yayıldı. Əsgərindən tutmuş generalına qədər hər kəs qəddini daha dik tutdu. O şəkil əslində düşmənə mesaj idi, bir ölüb,külümüzdən min törəyərik! Gəncədə ilk olaraq onu aradım, Bəxtiyarı. Bəxtiyarla görüşdüm və uşağın üzündə olan kədəri gördüm. Sanki Bəxtiyar da uşaqlığını yaşamadan böyümüşdü. Müharibənin üzünü görən digər övladlarımız kimi…

Heydər Əliyev adına Mərkəzdə Konfrans.

Ulu öndər Heydər Əliyevin adını daşıyan Mərkəzdə Gəncə terroru ilə bağlı Konfransı Prezident Administrasiyasının məsul əməkdaşı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev açdı. Tədbirdə QHT-lərlə yanaşı o gecənin şahidləri və qurbanları da iştirak edirdi.
Qeyd olundu ki, bu cinayəti görüb susmaq – ikiqat cinayətdir. Bu bölgəyə dəfələrlə səfər etmiş, faciənin yaratdığı mənzərəni öz gözləri ilə görmüş, şəhid analarının fəryadını qulaqları ilə eşitmiş xarici ölkə nümayəndələrinin, beynəlxalq təşkilatların təmsilçilərinin mövqeyi ən azından təəccüb doğurur. Birmənalı qarşılanan olaya ikili standartlarla yanaşmaqmı olar? Təəssüf ki, susanlar danışanlardan, gördüklərini bölüşüb haqq səsini ucaldanlardan azdır. Beynəlxalq qurumların sivil dövlət kimi tanınmaq haqqı olmayan Ermənistana qarşı heç bir sanksiya tətbiq etməməsi, dövlət siyasətinə çevrilmiş erməni faşizmini beynəlxalq səviyyədə ifşa etməməsi – acınacaqlıdır. Bu həm də bizim haqq və ədalət uğrunda mücadiləmizin hələ uzun müddət davam edəcəyini, bu mübarizəyə hər zaman hazır olmağımızın vacibliyini göstərir.
Vüsal Quliyev xüsusi vurğuladı ki, baş verən hadisə 1949-cu il Cenevrə Konvensiyasının müddəalarına, eyni zamanda da BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrinə əməl edilməsinə ziddir. Bu barədə beynəlxalq ictimaiyyətə çağırışlar davamlı olmalıdır.
Hadisənin şahidləri də o gecə ilə bağlı danışdılar. QHT təmsilçilərinin də çıxışlarında xüsusi qeyd edildi ki, baş verən hadisə Xocalı faciəsinin davamı sayılmalıdır. Ermənistanın hərbi, siyasi rəhbərliyi və xalqı nəhayət düşünməlidilər ki, 30 il torpaqlarımızı işğalda saxlasalar da zaman heç də onların xeyrinə işləməyib. Orada nəinki abadlıq işləri aparılmayıb, qurulu infrastrukdur ,evlər və tarix, mədəniyyət inciləri dağıdılıb. Bədnam qonşular gözəl başa düşürdülər ki, bir gün bu torpaqların yiyələri qayıdacaqlar!
Gəncədə baş vermiş terror hadisəsi ilə bağlı konfransda QHT-lər adından beynəlxalq hüquq mudafiə təşkilatlarına və parlament üzvlərinə müraciət qəbul olundu. Onun qısa mətnini qeyd edirəm: ” biz – Azərbaycan QHT-ləri dərin narahatlıq hissi ilə beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın siyasi və hərbi rəhbərliyinin bir il öncə insanlıq əleyhinə törətdiyi cinayətlərə cəlb edir və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyasının Ermənistan tərəfindən kobud şəkildə pozdulduğunu bildiririk.
Biz bu müraciətə imza atan Azərbaycanda fəaliyyət göstərən QHT-lər adından dünyada fəaliyyət göstərən hüquq müdafiə təşkilatlarına, QHT-lərə, media təmsilçilərinə, parlament üzvlərinə və hökumətlərə müraciət edir, Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törədiyi hərbi cinayətlərə etiraz etməyə və bu cinayət əməllərini qəti şəkildə pisləməyə çağırırıq”.

Nizami Gəncəvinin məqbərəsini ziyarət.

Gəncədə səfərdə olarkən ” Nizami Gəncəvi İli” çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən QHT nümayəndələrinin Nizami Gəncəvinin məqbərəsinə ziyarəti təşkil edildi. Nizami irsində də vətənpərvərlik, torpağa bağlılıq kimi hisslər xüsusi qeyd olunub. Ziyarətdə hər kəs bu torpağa bağlı olan insanların ruhuna dualar oxudu.
Gəncədən bu arzu ilə ayrıldım, bir daha torpağım savaş görməsin!

P.S. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvlərinə, bizimlə səfərdə olan əməkdaşlarına diqqətə və qayğıya görə xüsusi minnətdarlığımı bildirirəm.

Mətanət Əsgərqızı Müstəqil jurnalist, Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri