Qənirə Paşayeva yapon qadın fəalları ilə görüşdü

191

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva Yaponiyanın TET Beynəlxalq İnvestisiya şirkətinin təşkilatçılığı ilə respublikamızda səfərdə olan ictimai fəal yapon qadınları ilə görüşüb.

Sosialmedia.az xəbər verir ki, millət vəkili TET-in Azərbaycanın müxtəlif bölgələrində, Tovuz rayonunda həyata keçirdiyi sosial layihələr barədə məlumatlı olduğunu bildirib. O, iki dost ölkə arasında, mədəniyyət daxil olmaqla müxtəlif əməli fəaliyyət sahələri üzrə bağların güclənməsindən məmnunluğunu ifadə edərək, işgüzar, ictimai fəal qadınların bu sahədə özünəməxsus rolu olduğunu deyib.

19 nəfərdən ibarət yapon qadın heyəti adından təşəkkür edən xanım Yuka Katada Azərbaycanda olmaqdan məmnunluqlarını ifadə edib.

Görüşdə mədəniyyətyönümlü layihələr, yeni imkanlar və çağırışlar haqqında da fikir mübadiləsi aparılıb.

Q.Paşayeva yapon qadınlarına Qarabağ motivli xatirə hədiyyələri və “Addım-addım Yaponiya” kitabını hədiyyə edib.

Görüşdə “NƏFƏS” İB-nin sədri Firəngiz Balakişiyeva iştirak edib.