Saxta pasport satan həkimlərə cinayət işi açıldı

163

Şamaxı rayon Mərkəzi Xəstəxanasında saxta COVİD-19 pasportu satılması ilə bağlı cinayət işi başlanıb.

Sosialmedia.az bildirir ki, Şamaxı Rayon Prokurorluğundan Axar.az-a verilən məlumata görə, xəstəxanada qanunsuz olaraq COVİD-19 əleyhinə vaksinasiya olunması barədə saxta sənədlərin tərtib edilməsi ilə bağlı daxil olmuş məlumat üzrə rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma ilə qeyd olunan xəstəxananın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı şəxlərə vaksin vurulmadığı halda COVİD-19 əleyhinə vaksinasiya olunması barədə saxta sənədlərin tərtib edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şamaxı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.