Şəhid məzarı “muzey eksponatı”na çevrildi

161

Vətən Müharibəsi şəhidlərinin məzarları üzərində müxtəlif bəzək işləri görülməsi, o cümlədən qəbir daşının muzey eksponatı kimi şüşə çərçivəyə alınması sosial şəbəkələrdə müzakirəyə səbəb olub.

Sosialmedia.az bildirir ki, Bununla bağlı Axar.az-a danışan millət vəkili Fazil Mustafa deyib ki, istər şəhid məzarı, istər də başqa məzar, heç birinin görünüşü problem yaradacaq səviyyədə olmamamlıdır.

“Qəbir eyni, standrt olmalıdır. Hətta işğaldan azad olunmuş ərazilərdə də ənənə başlayıb. Hər kəs öz istədiyi kimi məzar düzəldir. Bu, doğru deyil. Məzarların üstünə xonça aparanlar da var. Buna görə insanları qınamaq olmur. Həssas məsələdir, qarışa bilmərik. Şəhid məzarı bizim üçün əzizdir, amma standartların pozulması yaxşı hal deyil. Bir şəhidin məzarı yoxsul, digər şəhidinki gözəçarpan görünür. Düşünürəm ki, dövlət bu məsələyə xüsusi diqqət ayırmalıdır. Heç kimə imkan verilməməlidir ki, məzar daşlarının biri digərindən fərqlənsin”.

Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli isə bildirib ki, bu cür dünyəvi hərəkətlərlə şəhidlərin məqamını rahatsız edirik:

“Bunu ənənə halına gətirməklə gələcək nəsillərə yanlış miras qoyuruq. Bizim nə dinimizdə, nə də milli kimliyimizdə bu cür vərdişlər, davranışlar qəbul olunur. İslamın təməl prinsiplərini bilən hər bir kəsə məlumdur ki, şəhid Allah dərgahında seçilmişlərdəndir. Onların məqamları əzizdir. Allahla görüşdə olan, sevgili Peyğəmbərimizə qonaq olan qəhrəman şəhidlərimizin mübarək qəbirləri üzərində bu cür halların baş verməsi qətiyyən qəbul olunmur. Bu, şəhid ruhuna heç bir halda ehtiram sayıla bilməz, əksinə, hörmətsizlikdir. Şəhid ailələri bizim üçün əzizdirlər, qarşılarında baş əyirəm. Onlar bu mövzuda maariflənməmiş də ola bilərlər”.

Seyid Camal Əzimbəyli qeyd edib ki, şəhid məzarları üstündə evlərin, müşklərin olmasına gərək yoxdur:

“Allah yanında 70 doğmasına şəfaət edəcək şəhidin məzarı üzərinə gül-çiçək qoyular, mübarək surələrdən ayələr oxunar. Şəhid məzarlarının üzərində o cür bütləşdirmənin aparılması yolverilməzdir. İslama ziddir. Şəhid məzarları üzərinə tort qoyur, şəhidin adından hədiyyələr aparıb uşaqlarına verirlər. Bütün bunlar şəhid övladlarının da gələcəkdə psixoloji sarsıntılara məruz qalmasına gətirib çıxarır”.