Miqrantlar üçün tibbi və sosial təminatın təşkili üzrə İşçi Qrupunun ilk iclası keçirilib

3130

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın Miqrantlar üçün tibbi və sosial təminatın təşkili üzrə İşçi Qrupunun ilk iclası keçirilib.
Sosialmedia.az xəbər verir ki, Tədbiri giriş sözü ilə açan İctimai Şuranın üzvü Səbinə Kərimova rəhbəri olduğu işçi qrupunun xətti ilə keçiriləcək fəaliyyətlər barədə danışıb və bildirib ki, ölkə ərazisində yaşayan əcnəbilərdən tibbi məsələlərlə bağlı daxil olan müraciətlərin düzgün istiqamətləndirilməsi, həmin kateqoriyadan olan şəxslərin tibbi və sosial xidmətlərə çıxışının təmin olunması, bu kimi məsələlərdə onlara zəruri dəstəyin göstərilməsi Miqrantlar üçün tibbi və sosial təminatın təşkili üzrə İşçi Qrupunun əsas fəaliyyət istiqamətləridir. Həmin işlərin effektiv həyata keçirilməsi miqrantların hədəf qrupları ilə sıx əlaqələrin qurulması və onların bu sahədə ehtiyaclarını mütəmadi olaraq öyrənilməsini zəruri edir.

İşçi Qrupunun rəhbəri cari ilin ikinci yarısında bu istiqamətdə görülən işlərdən danışaraq qeyd edib ki, miqrantların tibbi və sosial təminatı sahəsində həyata keçirilən işlər əsasən həmin şəxslərin geniş şəkildə maarifləndirilməsi ilə əlaqədar olub. Ehtiyac yarandıqda onlara müəyyən dəstəklər göstərilib və müraciətləri Xidmət rəhbərliyinin diqqətinə çatdırılıb. Bununla yanaşı S.Kərimova müsbət həllini tapan bir sıra müraciətlər barədə da məlumat verib.

İclasda iştirak edən qeyri-hökumət təşkilatlarının rəhbərləri Dövlət Miqrasiya Xidmətinin rəhbərliyinin ictimai iştirakçılığa önəm verdiyini və Xidmət yanında fəaliyyət göstərən İctimai Şura ilə daima sıx təmasda olduğunu yüksək qiymətləndiriblər. Bununla yanaşı həm də İctimai Şuranın da aktiv fəaliyyətini xüsusi vurğulayıblar.

İclasın sonunda İşçi Qrupunun çevik və operativ fəaliyyətinin təmin edilməsi məqsədilə bir sıra təkliflər irəli sürülüb və qərara alınıb ki, iş planında əksini tapan bütün fəaliyyətlər qrup üzvlərinin iştirakı ilə əlaqələndirilmiş şəkildə həyata keçirilsin.
Qeyd olunub ki, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın Miqrantlar üçün tibbi və sosial təminatın təşkili üzrə İşçi Qrupuna doqquz qeyri-hökumət təşkilatı nümayəndəsi daxildir.