Hara soxulursunuz? MŞ niyə “narahat” olur?

481

Bəri başdan deyim ki, Dövlət Sərhəd Xidmətinin o məlum gün media ilə işi guya pis təşkil etdiyi barədə iddialarla razı deyiləm. Başlayaq ondan ki, hadisədən dərhal sonra yayılan məlumatda məkan, ünvan göstərilmişdi:

“Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun birgə məlumatında bildirilirdi ki, noyabr ayının 30-da saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var”.

Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerindədir. Hadisə ilə əlaqədar birgə araşdırma tədbirləri həyata keçirilir.

Artıq biz bilirik nə olub, harda olub. Yəni qəza Qaraheybət aviasiya poliqonunda baş verib. O da yazılıb ki, Qaraheybət poliqonu Xızı rayonu ərazisində yerləşir. Yəqin ki, hadisə rayonuna istənilən və ya istəyən kütləvi informasiya vasitəsi özü getməliydi. Hadisə rayonuna xüsusi avtobus reysinin təşkil edilməsini gözləmədən.

Yeri gəlmişkən, REAL-ın birinci çəkiliş qrupu poliqona məlumatı alandan təxminən yarım saat sonra getmişdi. Mən hadisənin miqyasını nəzərə alaraq özüm də qəza yerinə yola düşdüm. Düzü, çətin tapdıq. Amma bunun da səbəbi DSX-nın əməkdaşları deyildi. Ərazidə şəbəkə tez-tez itir. Əlaqə saxlamaq mümkün olmur. Qarşında azı beş-altı cığır var. Bəzən getdiyin cığırdan geri qayıdır, yeni cığırın izinə düşürsən. Yolumuzun üstdə başqa həmkar kanalların maşınları da var idi. Amma dayanmışdılar. Elə biz də tez-tez dayanmalı olurduq. Axır ki, birləşərək getdik. Kanallardan birinin əməkdaşını hətta biz öz maşınımıza götürdük. Hadisə rayonuna çatdıq

Ərazidə gözləməyimizi xahiş etdilər. Ən təcrübəli və yaşlı reportyor kimi mən Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin qəza baş verən ərazidə dayanmış nümayəndəsinə yaxınlaşmağa icazə aldım. Başa düşürdüm ki, dəhşətli hadisə baş verib. 14 nəfər hərbçi, pilot, superpeşəkar, Dövlət Sərhəd Xidmətinin əməkdaşları həlak olub. Gözümüzün qabağında qəzaya uğramış helikopter gövdəsi var. Araşdırma aparan bəzi əməkdaşlar predmetlə işləyirlər. Dərd üz vermiş qurumun təmsilçilərinin gərginliyinə anlayışla yanaşmaq lazımdır.

Amma eyni zamanda reportyor olaraq bizim də öz vəzifəmiz var. Hamının adından xahiş etdim ki, hadisə rayonunda brifinq versinlər. Düzdür, o saat razılaşmadılar. Amma 20-25 dəqiqə sonra alındı. Helikopterin yanında küləyin səsi mikrofonlara ciddi mane olduğundan, razılaşdıq ki, açıqlama yaxınlıqdakı məntəqədə verilsin.

Yeri gəlmişkən onu da deyim ki, brifinqi keçirən DSX rəisinin müavini İlham Mehdiyev İkinci Qarabağ Müharibəsində döyüşüb, bir sıra istiqamətlərdə aparılan əməliyyatlara şəxsən rəhbərlik edib, göstərdiyi fədakarlığa görə “Vətən Müharibəsi Qəhrəmanı” adı alıb. Həlak olanlar həm də onun döyüş yoldaşları, silahdaşları, dostlarıdır. Və general leytenant öz əzizləri haqqında danışırdı.

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətini, bir az da irəli gedərək, ümumiyyətlə Dövlət Sərhəd Xidmətini ittiham, tənqid hədəfinə çevirən həmkarlarımızdan daha həssas, daha müdrik və daha ədalətli olmalarını xahiş edərdim. Adətən belə hadisələr ümumi girişə açıq olmur. Məsələn, bu saat yadıma 1995-ci ilin noyabr ayında Bakı metrosunun “Ulduz” stansiyasında baş verən dəhşətli yanğın düşür. Bizi hadisə yerinə buraxmamışdılar. Gözlədik, xüsusi qurum çəkdiyi kadrları özü bizə təqdim etdi. Sonra bütün güc strukturlarının rəhbərlərindən müsahibə aldım. Başqa belə hadisələrin media tərəfindən işıqlandırılması da müəyyən problemlərlə müşayiət olunur.

Düzdür, tez-tez 2-ci Qarabağ müharibənin gedişində brifinqlərin keçirilməsi, operativ məlumatlandırma sisteminin əla təşkili misal çəkilir. Əlbəttə belədir. Biz Prezidentin köməkçisinin, müdafiə nazirliyinin mətbuat xidmətinin operativ məlumatlandırma üsulunun birbaşa şahidləriyik. Amma onu da unutmayaq ki, birinci halda artıq dövlətin müharibənin rəsmi bəyan edilməsindən sonra vahid informasiya-məlumat sxemi var idi. Brifinqlər bu sxemin tərkib hissəsi idi. Ən gözlənilməz hadisələr belə burda dəqiqliklə nəzərə alınmışdı. Amma etiraf edək ki, 30 noyabrda Qaraheybət poliqonunda baş verən hadisə gözlənilməz idi. O helikopter müharibə hərəkətlərinin içində vurulmamışdı. Əgər belə bir hadisə olsaydı, heç şübhəsiz, İkinci Qarabağ müharibəsinin gedişi barədə verilən başqa məlumatlar kimi bu xəbər də brifinqdə veriləcəkdi.

İkinci məsələ, Dövlət Sərhəd Xidmətinin hər hansısa kanala xüsusi münasibəti barədə əsassız iddialar. Əgər belə bir yanaşma olsaydı, yəqin ki, korporativ maraqlar baxımından Real TV-nin rəhbəri kimi mən brifinq yox, eksklüziv müsahibə tələb edər, yəqin, ala da bilərdim. “Yaşınız qədər təcrübəm var” deyə biləcəyim yerdir burası. Amma demirəm. Hamı kimi mən də sıraya durmuşdum. Və brifinqi də hamı üçün istədim.

Əlbəttə, mənim də narazı olduğum məqamlar var idi. Amma mən bu detalları ictimailəşdirmədən, Sərhəd Xidmətinin Aparatına, qurumun mətbuat təmsilçisinə şəxsən çatdırırdım. Amma eyni zamanda onu, təmsil etdiyi qurumun vəziyyətini başa düşməyə çalışırdım. Təsəvür edin: ortada 14 meyit var! Ortada qəza var. Ortada bu şəkil var. General polkovnik Elçin Quliyevin şəhid atasından gözünü qaçırdığı bu şəklin ağırlığını təsəvvür edirsiz? Mən təsəvvür edirəm!

Hə, kimsə deyə bilər ki, jurnalist belə gəldi, qərəzsizlik bu yandan aşdı, operativlik o tərəfdən keçdi. Bağışlayın məni, dostlar, həmkarlar, mənim mənsub olduğum, təklif etdiyim jurnalistikada dövlət birinci gəlir. Nə bilirik: bəlkə “heç bir kənar müdaxilə baş verməyib” demək özü də lazımdır. Ola bilsin ki, bu xəbərin başqa əhəmiyyəti var?! Bilmədiyimiz. Sətiraltı! Bəlkə hansısa fərziyyənin yoxlanılması üçün işlədilən ifadə fintidir. Axı verilən brifinqdə “bütün ehtimallar araşdırılır” da deyilmişdi. Baş prokurorun birinci müavini “hadisə ilə bağlı intensiv zəruri istintaq hərəkətləri davam etdirilir” da demişdi. Hara soxuluruq öz qeyri-peşəkarlığımızla, Feysbuk həvəskarlığımızın laykpərvərliyi ilə!

Sosial şəbəkələrdə nə qədər Şerlok Holms peyda olub! Nə qədər boşboğaz çənə gimnastikası ilə məşğul oldu?! Olsun e, yəqin bu da lazımdır! Amma öz hobbiçiliyinizə ciddi dövlət qurumlarını qatmayın!

Hörmətli Mətbuat Şurasını hansı təzyiqdi belə narahat edən? Bəs neçə illərdir mən bədbəxt təzyiqlə, təhdidlə, təhqirlə üzləşirəm, hanı sizin həssas münasibətiniz?