Qadın övladını atıb, başqa yerdə xoşbəxtlik arayırsa…

129

Bizim gənclərimiz ümumi şəkildə, xoşbəxtlik axtarışındadır. Ailə həyatı qurarkən, nələrəsə arxalanır, psixoloji maskalardan istifadə edərək ailə qururlar

Sosialmedia.az bildirir ki, Bu sözləri Axar.az-a psixoloq Könül Cəfərova qadınların evlərini tərk etməsi ilə bağlı danışarkən bildirib.

“Çox təəssüf olsun ki, bu günlər Azərbaycanda hər zaman fəxr etdiyimiz ailə ənənələri müəyyən qədər zədələnib. Ümumi şəkildə statistikaya baxanda aydın olur ki, boşanmalar ildən ilə artır. Daha çox gənclər evini, uşağını qoyub başqa bir insanla qaçır, başqa birində xoşbəxtlik axtarır. Ailə pis günündə, yaxşı günüdə, bərabər əl-ələ olmaq demək idisə, bugünkü gənclərimiz arasında bu halları çox nadir rast gəlinir. Çünki gənclərimiz rahat həyat tərzinə daha çox meyil edirlər. Bu da onunla əlaqədardır ki, sosial şəbəkələr hədsiz dərəcədə həyatımıza təsir edir, insanlar real həyatda gerçəkləşdirə bilmədiklərini “virtual reallıqda” axtarırı və burda ilk təmasların aldadıcı təsirinə düşürlər”, – psixoloq deyib.

Onun sözlərinə görə, digər mühüm səbəb məcburi nikahlarla əlaqədardır:

“Cütlüklərin biri-biri ilə ünsiyyət zəifliyi də bu kimi hallara səbəb ola bilər. Qadın tənhalığa qapılır, mənəvi olaraq tənha yaşayır. Biz bilirik ki, insan fiziki olaraq tənha qala bilər, amma mənəvi tənhalıq insanı, çox təəssüflər olsun ki, xoşagəlməz addımlar atmağa məcbur edir. Bununla bağlı biz dəfələrlə məqalələr yazırıq, konfranslar keçirdirik və ailənin müqəddəs olduğunu izah etməyə çalışırıq.

Bir psixoloq kimi bunu vurğulamaq istəyirəm ki, insan ilk növbədə özü ilə, öz çevrəsi ilə xoşbəxt olmağı bacarmalıdır. Öz ruhsal aləmini tanımalıdır. Özü ilə barışıq olmayan insan başqa insana qaçsa belə, başqa insanla həyatını dəyişsə belə, xoşbəxt olmayacaqdır. Qaçmaq, xoşbəxtliyi başqa birində axtarmaq heç də xoşbəxtliyin formulu deyil. Bu haqda cəmiyyət olaraq çox dərin düşünməliyik. Özü xoşbəxt olmayan insan heç kimi xoşbəxt edə bilməz. Əgər arxamda bir körpə qoyub gedirəmsə və yaxud da gözüyaşlı qadın qoyub gedirəmsə, inanın ki, mənim yolum bu zaman çox qısadır. Çox peşman olacam və geri qayıtmaq kimi bir imkanım da olmayacaq”.