Əmək miqrasiyasının aktual məsələləri müzakirə edilib

166

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın təşəbbüsü ilə əmək miqrasiyasının aktual aspektləri ətrafında müzakirələr təşkil olunub. Bakı Regional Miqrasiya İdarəsində “Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında qanuni əsaslarla olmaq və yaşamaq, həmçinin əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən sənədlər” mövzusunda keçirilən seminarda əcnəbi miqrantları işə cəlb edən şirkət və müəssisələrin nümayəndələri, hüquq firmalarının əməkdaşları və müstəqil vəkillər iştirak edib.

Sosialmedia.az xəbər verir ki, müzakirəni giriş sözü ilə açan DMX yanında İctimai Şuranın sədri və Avrasiya Miqrasiya Təşəbbüsləri Platformasının rəhbəri Azər Allahverənov miqrasiya sahəsinin müxtəlif istiqamətlərində həyata keçirilən dövlət siyasəti barədə məlumat verib, həmin istiqamətlərdə icra olunan maarifləndirmə tədbirlərinə nəzərə salıb, bu müstəvidə vətəndaş iştirakçılığının, həmçinin ictimai nəzarətin əhəmiyyəti vurğulayıb, müvafiq dövlət qurumu ilə cəmiyyət arasında kommunikasiyanın qurulmasında vətəndaş cəmiyyəti institutlarının rolu barədə danışıb.
İctimai Şura yanında fəaliyyət göstərən Əmək miqrasiyası üzrə işçi grupunun rəhbəri Kəmalə Məmmədova respublikamızda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının genişləndirilməsi, onların qanuni mənafelərinin daha mükəmməl qorunması, miqrasiya proseslərinin tənzimlənməsi və miqrasiya proseslərinin təkmilləşdirilməsi istiqamətində keçirilən tədbirlər barədə məlumat verib. K.Məmmədova işçqi qrupuna əməkçi miqrantlardan daxil olan müraciətlərə toxunub və bu müstəvidə praktiki cəhətdən həlli mümkün olan məsələlər barədə danışıb.

Tədbirdə əcnəbi miqrantlar üçün mühüm əhəmiyyət kəsb edən məsələlər müzakirə olunub və iş, eləcə də müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi məsələləri bağlı müraciətlər nəzərdən keçirilib. Tədbirdə müzakirəyə çıxarılan məsələlərə münasibət bildirən Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev və Miqrasiya proseslərinin tənzimlənmə baş idarəsinin baş inspektoru İlyas Hüseynov verilən sualları ətraflı cavablandırıblar.