İcra başçıları daim insanlarla təmasda olmalıdır.

276

25 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib.

Dövlətimizin başçısı görüşdə geniş nitq söyləmiş, yeni təyin olunmuş İcra Hakimiyyəti başçılarına tapşırıqlar vermişdir.

Cənab prezident qeyd edib ki, ilk növbədə, rayonlarda vəziyyət geniş təhlil olunmalıdır, mövcud nöqsanlar aşkar edilməli və aradan qaldırılmalıdır.
Ölkə başçısı vurğulayıb ki, son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görüldü, böyük infrastruktur layihələri icra edildi və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qalxdı. Elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olundu, hər rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblər inşa edildi. Əlbəttə ki, rayonların sosial-iqtisadi inkişafına bunun çox böyük töhfəsi olmuşdur. Çünki infrastruktur olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Biz elə infrastruktur layihələri icra etdik ki, heç sovet vaxtında bunlar icra edilmirdi. Xüsusilə Lerik rayonu sovet vaxtında qazlaşdırılmamışdı. Mənim göstərişimlə Lerikə qaz çəkildi. Üç rayon dağlıq rayon olduğu üçün əlbəttə ki, qazlaşdırma ilə bağlı problemlər digər rayonlarla müqayisədə daha ciddidir. Ancaq biz imkan daxilində bütün bu işləri görməklə insanların rifah halını yaxşılaşdırmışıq.
Təbii ki, bu infrastruktur layihələri iş yerlərinin yaradılmasına da xidmət göstərmişdir. Sahibkarlar da bölgələrdə bütün quruculuq işlərində fəal iştirak edirlər. İş yerlərinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Çünki ölkə əhalisi artır. Azərbaycan müstəqilliyə qovuşanda əhalimiz 7 milyondan bir qədər çox idisə, bu gün 10 milyondan çoxdur. Bu, təbii olaraq tələb edir ki, iş yerlərinin açılması prosesi daimi xarakter alsın. Eyni zamanda, biz işsizliklə bağlı mübarizədə də ciddi addımlar atırıq, ödənişli sosial işlərin yaradılması da geniş vüsət almışdır. Hər rayon üzrə kvota var. Əfsuslar olsun ki, bəzi rayonlarda bu işlərə cəlb ediləcək insanlar işlərə cəlb olunmamış, əksinə, onlara çatacaq vəsait rayon icra başçıları və digər məsul şəxslər tərəfindən mənimsənilmişdir.
Bilirsiniz ki, bir neçə keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edilmişdir, bəzilərinin hökmü verilmişdir, bəzilərinin işləri məhkəmədədir. Bu, onu göstərir ki, heç kim qanundan üstün ola bilməz. Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar. Əfsuslar olsun ki, bəziləri əyri yolla gediblər və bu gün bunun acısını çəkirlər. Bu, hər bir dövlət məmuru üçün dərs olmalıdır.

Cənab prezident qeyd edib ki, siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz. Nəyə gücünüz çatırsa, rayon daxilində həll etməlisiniz. Elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət etməlisiniz – Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti dövlət qurumlarına ki, mövcud problemlər öz həllini tapsın. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq.

Aytac Məhərrəmli,

YAP Nizami rayon təşkilatının məsləhətçisi