“Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in ofisi yandı- Özəl

446

Sosialmedia.az xəbər verir ki, “Beynəlxalq Əlillər Cəmiyyəti” İB, “Türk Dünyası Turan Düşüncə Mərkəzi” İB və “Əlillər Dünyası” qəzetinin yerləşdiyi ofis pilot layihə kimi inşa olunan tikinti şirkəti tərəfindən sökülərək yerində tikiləcək binanın 1-ci mərtəbəsində yer veriləcəyindən İctimai Birliyin üzvü olan İlham Ağayev ona məxsus Bakı şəhəri Nizami rayonu, Ə.Əzimzadə küçəsi-16-da olan 12 saylı mənzilini uzun illərdir ki, etibarnamə ilə təmənnasız olaraq ofis kimi istifadə etmək üçün vermişdir.

May ayının 25-də səhər saatlarında mənzilin mətbəx hissəsində qısaqapanma nəticəsində yanğın baş vermişdir. Hadisə barəsində təçili olaraq ofisin əməkdaşı tərəfindən Yanğından Mühafizə İdarəsinin 101 saylı Qaynar Xəttinə zəng edərək məlumat verildi. Yanğınsöndürənlər gələnədək artıq mətbəx və ona bitişik 2 otaq təşkilatlara məxsus olan bütün əşyaları və sənədləri ilə birgə tamamilə yanıb kül olmuş, digər otaqlara da ziyan dəymiş, yararsız hala düşmüşdür.

Hadisə zamanı qonşu mənzildə olan ana və uşaq yanğınsöndürənlər tərəfindən təxliyə edilərək xilas edilmiş, hadisə yerində olan təçili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılmış və təçili yardım göstərilmişdir. Çox şükürlər olsun ki, heç kəs ciddi xəsarət almamış, qonşu mənzillərə ziyan dəyməmişdir.

Həmin gündən bu günədək bir çox KİV-lərdə Nizami rayonunda baş verən dəhşətli yanğın barədə məlumat verilsə də yanan yerdə “Beynəxalq Əlillər Cəmiyyəti” İB, “Türk Dünyası Turan Düşüncə Mərkəzi” İB və “Əlillər Dünyası” qəzetinin ofisi yerləşməsi və tamamilə yanması barədə heç bir məlumat verilmir. Bu da çox təəssüf hissi doğurur. Halbuki hər 3 təşkilat daima əlilliyi olan və digər imtiyazlı şəxslərin, həmçinin əlilliyi olan məhbusların özlərinin və ailə üzvlərinin, şəhid və Milli Qəhrəman ailələrinin sosial, tibbi, psixoloji probemləri ilə maraqlanır, aidiyyəti təşkilatlar vasitəsi ilə müsbət həll edir. 2011-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının (hazırda Agentlik) 24 layihəsini, Elm və Təhsil Nazirliyinin 2 layihəsini müvəffəqiyyətlə həyata keçirmişdir. Bu yaxınlarda Milli Qəhrəman ailəsinə torpaq sahəsi ayrılmasına bilavasitə dəstək olmuşdur. Yəni, hər 3 təşikilat daima dövlətimizin və möhtərəm Prezidentimizin sosial siyasətinə dəstəkdir.

İndi belə bir müsbət işlər görən təşkilatların ofisinin yanması ictimaiyyətin diqqətinə çatdırılmalı, onların problemləri ictimailəşdirilməlidir. Necə ki, başda Sədr və Baş Redaktor, Qarabağ müharibəsi veteranı, 1-ci qrup əlil Tahir Xudiyev olmaqla həmin təşkilatların əməkdaşları daima köməyə ehtiyacı olan insanların yanında olur, indi bu çətin vəziyyətlərində də onlara ərazi üzrə İcra Hakimiyyətindən, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyindən, QHT-lərdən və imkanı çatan şəxslərdən mənəvi və maddi dəstək göstərilməli, belə bir gündə çətin vəziyyətdə buraxılmamalıdır.

P.S. Bu gün xüsusi, əlamətdar gündür – 28 May Respublika Günü münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edirk.

Məlahət Abdullayeva
“Əlillər Dünyası” qəzetindən
28.05.2023