DTX-nin Akademiyasında elmi-praktik konfrans keçirilib

117

Noyabrın 12-də Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında Dövlət Bayrağı, Konstitusiya və Milli Dirçəliş günlərinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

SosialMedia.az xəbər verir ki, konfransda Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, xüsusi təyinatlı ali təhsil müəssisələrinin rəhbərləri, AMEA-nın və ali təhsil müəssisələrinin əməkdaşları, doktorant və kursantları iştirak ediblər.

Konfransın plenar iclasını giriş nitqi ilə açan Akademiyanın rəisi vəzifəsinin icraçısı polkovnik Allahverən İsmayılov dövlət atributlarından söz açıb. O, dövlət atributlarının mahiyyəti və əhəmiyyətindən bəhs edərək, qaynağını tarixin qədim dövrlərindən alan, milli-mənəvi dəyərlərini və çağdaş, sivil düşüncəmizi özündə yaşadan bayrağımızın yalnız ideya-siyasi, fəlsəfi mahiyyəti ilə deyil, həm də rəng çalarları ilə ciddi məna kəsb etdiyini vurğulayıb: “1995-ci ildə ümumxalq səsverməsi ilə müstəqil Azərbaycan Respublikasının Əsas Qanununun-Konstitusiyasının qəbul edilməsi müstəqil, demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun qarantı oldu. Bu Konstitusiya Azərbaycan xalqının həyatında baş verən köklü dəyişikliklərə bağlı idi. Heydər Əliyevin elmi prinsiplərə və zəngin intellektual potensiala əsaslanan dövlətçilik konsepsiyası yaratdığını dövlətin idarə edilməsi sahəsində elmi-nəzəri və praktiki irs qoydu. Bu günün bayram kimi qeyd edilməsi əldə etdiyimiz müstəqilliyimizlə bağlıdır. Ümummilli lider Heydər Əliyev deyirdi ki, Azərbaycan xalqının müstəqillikdən böyük sərvəti yoxdur. Sovet hakimiyyəti tərəfindən XX əsrin əvvəlində endirilən bayrağımız həmin əsrin sonunda Naxçıvanın Ali Məclisində dalğalanmağa başladı. Sonda nitqimi prezident İlham Əliyevin sitatı ilə sonlandırmaq istəyirəm. Gün gələcək 21 il əvvəl Naxçıvanda qaldırılan bayrağımız Xankəndində, Şuşada qaldırılacaq”.

Konfransda çıxış edən Z. Əsgərov Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulundan, Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından, siyasi stabilliyə və iqtisadi inkişafa nail olmaq üçün atdığı addımlardan, həmçinin vətəndaş müharibəsinin, separatçılığın qarşısının alınmasından bəhs edib: “Konstitusiya elə bir sənəddir ki, mövcud olan ictimai-siyasi qüvvələrin bərabərliyini göstərir. Onun normaları elə olmalıdır ki, hər bir vətəndaş ondan faydalana bilsin”.

Z Əsgərov bildirib ki, 1993-cü ildə Heydər Əliyevin qayıtması ilə Azərbaycan yeni həyata başladı: “1994-cü ildə “Əsrin müaviləsi” imzalanandan sonra Azərbaycan inkişaf edib. Tarix etibarilə yaşımızın az olmasına baxmayaraq artıq Azərbaycandan nümunə götürürlər. Konstitusiya qəbul olunandan sonra yeni qanunlar işləməyə başladıq. Bunlar Azərbaycanın hüquqi əsaslarının möhkəmləndirilməsi üçün lazım idi. Azərbaycan dünyanın ən çox inkişaf etmiş, müstəqil siyasət yeridən bir dövlətidir. İqtisadi-siyasi baxımdan heç kimdən asılı olmayan ölkədir. Bu il dövlət büdcəsinin 39-40 faizi sosialyönümlü layihələrə ayrılıb”.

Tədbir çıxışlarla davam edib.