“Əmək pensiyaları haqqında” qanuna dəyişikliklərlə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim olunub

271

Pensiyaların minimum məbləğinin artırılması ilə yarana biləcək II və III dərəcə əlilliyi olan şəxslərin tələb olunan məbləğdə pensiya kapitalı olmaması səbəbindən əmək pensiyası hüququnun yaranmaması riskləri qiymətləndirilib.

SosialMedia.azın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2019-cu il hesabatında məlumat verilib.

Qeyd edilib ki, risklərin azaldılması məqsədilə ilk növbədə pensiya davamiyyət əmsalının hesablanmasında istifadə edilən 192 rəqəminin 200-ə yüksəldilməsi, II və III dərəcə əlilliyi olan şəxslər üzrə tələb olunan pensiya kapitalının müvafiq olaraq 40 və 20% azaldılması barədə təklif hazırlanıb.

Bununla bağlı, “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər edilməsi barədə hazırlanmış təklif baxılmaq üçün Nazirlər Kabinetinə təqdim olunub.

Pensiyaya çıxmış və işləməkdə davam edən şəxs vəfat etdikdə, onun pensiyaya çıxdığı tarixdən sonra işləyərək topladığı kapitalın ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən nəzərə alınması, elmi dərəcəyə və qulluq stajına görə əmək pensiyasının sığorta hissəsinə əlavə almaq hüququ olan pensiyaçıların pensiya hüququnun bu ödənişlərlə bağlı tam formada təmin edilməsi, Mərkəzi Bankda dövlət qulluğunda çalışmış şəxslərin dövlət qulluqçularına bərabər tutulması ilə bağlı müddəa qanunvericilikdən çıxarıldıqdan sonra pensiyalarının indeksləşdirilməsi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında nəzərə alınan pensiya ödənişi müddəti aylarının sayının dəqiqləşdirilməsi, qulluq stajına görə əmək pensiyasına əlavələri almaq hüququ olan ailə üzvlərinə ödənilən əlavələrin müəyyən edilməsində vahid yanaşmanın tətbiq edilməsi ilə əlaqədar təkliflər hazırlanıb. Bu təkliflərlə bağlı hazırlanmış layihələr müzakirə və aidiyyəti dövlət orqanları ilə razılaşdırılma mərhələsindədir.