ABŞ-ın Roçester şəhərində iğtişaşlar zamanı 11 nəfər saxlanılıb

138

ABŞ-ın Nyu-York ştatının Roçester şəhərində hüquq-mühafizə orqanları bir afroamerikalının həbs edilərkən öldürülməsi fonunda başlayan etiraz aksiyaları və iğtişaşlar zamanı 11 nəfəri saxlayıb.

SosialMedia.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə yerli “Spectrum News” telekanalı məlumat yayıb. İnsident zamanı üç polis əməkdaşının yaralandığı da bildirilir.

Şəhərdə etiraz və iğtişaşlar çərşənbə günündən bəri davam edir. Dünən gecə isə aksiya iştirakçıları polislərə daş, şüşə qablar və fişəng atıblar. Polislər isə izdihamı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etməli olub. Yaralı polis əməkdaşları xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, aksiyalar afroamerikalı Deniel Prudun ölümündən sonra meydana gəlib. O, martın 23-də Roçesterdə həbs edilib. “New York Times” qəzetinin yazdığına görə, o, narkotik vasitənin təsiri altında çılpaq vəziyyətdə küçədə qaçaraq koronavirusa yoluxduğunu qışqırırmış. Polis əməkdaşları onun başına kisə keçirib və asfalta sıxaraq bir müddət saxlayıblar. Polislərdən biri isə dizini onun kürəyinə qoyub.

Nəticədə afroamerikalı D.Prud huşunu itirdiyindən xəstəxanaya yerləşdirilib. Mart ayının sonunda isə xəstəxanada ölüb. Prudun ailəsi bu barədə məlumatı yalnız sentyabrın 2-də yaymağa qərar verib. Prudun yaxınlarının dediyinə görə, o, ruhi-əsəb xəstəsi olub.