Əlilliyi olan şəxslər narazı qalmasın bəs nə etsin? -Refael Quliyev yazır-Özəl

326

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir neçə əməkdaşından son iki ildə eyni fikri eşidirəm.
Deyirlər:
-Biz nə ediriksə edək hər zaman əlilliyi olan şəxslər bizdən narazı gedirlər!
Buna cavab olaraq bildirmək istəyirəm.
Bəli, son beş ildə bu istiqamətdə bir sıra işlər görülmüşdür. Əlilliyi Olan Şəxslərin müalicə alması üçün müalicə bərpa mərkəzləri əsaslı təmir edilərək Əlilliyi Olan Şəxslərin istifadəsinə verilmişdir. Əlilliyi Olan Şəxslərə verilən Reabilitasiya vasitələrinin sayı əvvəl 57- yə (əlli yeddi) 2024-cu il üçün bu hesab 81-ə (səksən bir) çatdırılmışdır. Vahid xidmətin təmini məqsədilə DOST Agentliyi xidməti yaradıldı. Muraciətlərimizi nəzərə alaraq DOST Agentliyi nəzdində İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzləri yaradıldı. Bu gün də həmin mərkəzlərin regionlarda yaradılması davam etdirilir. Paralimpiya və Abilimpiya sahəsində inkişafa nail olunub. BOCCİA idmanı növü ayrıca olaraq inkişaf etdirilir. Bütün bunlar Əlilliyi Olan Şəxslərə ayrılmış diqqət və qayğıdir. Onların vaxtlarından səmərəli istifadəsi üçün yaradılan şəraitdir.
Bütün bu işlərin görülməsi,. Əlilliyi Olan Şəxslərin cəmiyyətə inteqrasiyası üçün ölkə başçımız dövlət büdcəsindən kifayət qədər vəsait ayırmışdır. Lakin Əlilliyi Olan Şəxslərin üçün yaradılmalı olan şərait onlara uyğun deyildir. Bərpa və Reabilitasiya Mərkəzlərində aparılan təmir işləri zamanı istifadə olunan materiallar Əlilliyi Olan Şəxslərin həyatı üçün təhlükəli materiallardir. Binanın döşəməsinə vurulan daşlar həddindən artıq sürüşkən olduğu üçün əsadan istifadə edə və yaxud bir tərəfli paralic olan şəxslərin hərəkəti üçün tam təhlükəlidir. Bu baxımdan döşəməni silib təmizləyərkən ora xəbərdarlıq nişanı qoyulur. Müalicə otaqları əlil arabası istifadəcilərinə uyğun deyil. Quraşdırılan avadanlıqlar keyfiyyətsizdir. Müalicədən sonra istirahət üçün ayılan otaq və sanitar qovşağı əlil arabası istifadəcilərinə uyğun deyil. Əlilliyi Olan Şəxslərə müalicə aldığı müddətdə verilən qidalar ümumiyyətlə heç bir normaya uyğun gəlmir. Harada, hansı şəraitdə bişirilməsi bəlli deyil və adı mətbəx qazanlarında yük ya da minik maşınlarından uzaq məsafəyə daşındığı üçün xəstələrin qabağına tam soyumuş keyfiyyətsiz halda qoyulur. Bundan Əlilliyi Olan Şəxslər narazı qalmasın bəs nə etsin?
Dövlət başçımız Əlilliyi Olan Şəxslərin maddi durumunu nəzərə alaraq onlara bir sıra avadanlıqların dövlət hesabına təmin olunması üçün büdcədən yetərincə vəsait ayırır. Həmin avadanlıqlar podratçı təşkilatlar tərəfindən alınaraq ölkəyə gətirilir. Avadanlıqlarin keyfiyyətinə nəzarət edilmədiyi üçün gətirilən avadanlıqlar keyfiyyətsiz olur. İstifadə müddətinin heç yarısı qədər onlardan istifadə etmək olmur. İstismar müddətini başa vurmadan sıradan çıxırlar. Sıradan çıxmış avadanlıqların təmiri üçün səyyar texniki xidmətin yaradılmasını təklif etsək də bunu dəyərləndirən olmamisdir. Bundan Əlilliyi Olan Şəxs narazı qalmasın bəs nə etsin?
DOST Agentlikləri yaradılsa da həmin agentliklər onlayn müraciətləri qəbul etmir. Əlilliyi Olan Şəxs ən adi bir sifariş (reabilitasiya mərkəzlərinə növbə yazdırmaq) üçün mütləq taksi xidmətindən istifadə edərək DOST Agentliyinə şəxsən getməlidir. Tədbirlərdə iştirak, reabilitasiya mərkəzlərinə gediş zamani onlar şəxsi vəsaitləri hesabına getməlidirlər. Bu da Əlilliyi Olan Şəxslərin büdcəsinə uyğun deyildir. Belə olan halda Əlilliyi Olan Şəxs narazı qalmasın, bəs nə etsin?
Paralimpiya, Abilimpiya və BOCCİA idmanı ilə əlaqədə olmadığım üçün orda iştirak edən Əlilliyi Olan Şəxslərin hansı çətinliklərlə uzləsdiklərini deyə bilmirəm.
Hörmətli təşkilat və idarə rəhbərləri indi bildinizmi əlilliyi olan şəxslərin sizdən narazı qalmaqlarinin səbəbi nədir? Biz də cəmiyyətin bizi normal insan kimi qəbul edilməsini, hər şeyin keyfiyyətlisini istəyirik. Keyfiyyətsiz görülən işin dəyəri olmur və narazılıq haqlı olaraq yaranır. Bunun açarı sizdədir. Hörmət, hörmətə bağlıdır!