ABŞ yeni mərhələ başlatdı

180

ABŞ İrana qarşı Yaxın Şərqdə Ərəb-İsrail ittifaqını qurmağa çalışır. ABŞ-ın Yaxın Şərq üçün təqdim etdiyi “Əsrin müqaviləsi”nin əsas hədəfi də məhz budur. Rəsmi Vaşinqton bu yolla həm İsrailin təhlükəsizliyini təmin edəcək, həm də regionda yeni bir ittifaq yaradacaq.

Sosialmedia.az bildirir ki, Bu sözləri Axar.az-a politoloq İlqar Vəlizadə ABŞ Dövlət katibi Mayk Pompeonun BƏƏ və İsrailin İrana qarşı ittifaq qura biləcəyi haqda sözlərini şərh edərkən deyib.

O bildirib ki, əslində bu, BƏƏ-nin yox, ABŞ-ın istəyidir:

“Hazırda ABŞ-ın səyləri nəticəsində Yaxın Şərq regionunda Ərəb-İsrail münasibətlərində ciddi bir dəyişiklik baş verir. Bir müddət öncə ABŞ Dövlət katibi Mayk Pompeonun Yaxın Şərq ölkələrinə turnesi oldu. Səfərin məqsədi bəlli idi: İsrail ilə ərəb ölkələri arasında münasibətlərin mümkün variantda həll edilməsi və mövcud gərginliyin iqtisadi, siyasi tərəfdaşlıqla əvəzlənməsi. Pompeonun bu səfərinin nə dərəcədə uğurlu olduğunu görmək mümkündür. Faktiki olaraq o, ABŞ-ın Yaxın Şərq üçün təqdim etdiyi “Əsrin müqaviləsi”nin icraçısıdır. Lakin bir nüansı qeyd etmək lazımdır: İsrail ilə ərəb ölkələri arasında münasibətlər yaxşılaşsa, iqtisadi, siyasi əlaqələr bərpa olunsa belə, hər hansı bir ittifaq barədə danışmaq çox tezdir. Çünki bu elə də sadə bir məsələ deyil. Mövcud reallıqlar çərçivəsində BƏƏ-nin İsrail ilə ittifaq qurması başda İran olmaqla, Türkiyəni narazı sala bilər. Belə bir addım bir çox ərəb ölkəsini BƏƏ ilə qarşı-qarşıya qoya bilər.

Lakin bununla belə, yaxın gələcəkdə belə bir ittifaqın olması realdır. Çünki ABŞ bu istiqamətdə çox ciddi işlər görür. BƏƏ-dən başqa Səudiyyə Ərəbistanı, Bəhreyn kimi ölkələr də gələcəkdə İsrail ilə ittifaq qura bilər. Bu isə ilk növbədə İranın maraqlarına ziddir”.