Bu il rekord səviyyədə məhsul ixrac ediləcək

209

Bu il Azərbaycan xaricə rekord səviyyədə qeyri-neft məhsulları ixrac edəcək. Belə ki, bu il qeyri-neft məhsullarının ixrac həcminin 2,2 milyard dollardan çox olacağı proqnozlaşdırılır. Bu, 2021-ci il üçün nəzərdə tutulan 2 milyard dollarlıq həddin keçilməsi və nəticədə daha çox valyutanın məhz bu sektor üzrə ölkəyə daxil olması deməkdir.

Sosialmedia.az bildirir ki, Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov deyib.

O qeyd edib ki, qeyri-neft sektorunun ixrac artımının əsas səbəblərindən biri qeyri-neft məhsullarımızın ixrac strukturunun dəyişməsidir:

“Qeyri-neft məhsulları üzrə ixraca diqqət yetirsək, ölkələr üzrə strukturda da dəyişiklik var. Türkiyənin qeyri-neft ixracatında payının artması müşahidə olunur. Eləcə də artıq Avropa ölkələri Azərbaycanın qeyri-neft ixracatında ilk beşlikdədir. Bu da təbii ki, qeyri-neft məhsullarımızın keyfiyyət baxımından ixrac imkanlarının dəyişməsi deməkdir.

Azərbaycanın ixrac etdiyi məhsullarda əsasən sənaye məhsullarının payının artması müşahidə olunur. Onların böyük bir qismi də sənaye parklarında istehsal olunan məhsullardır. Azərbaycan qeyri-neft məhsullarının keyfiyyətinə nail ola bilib. Bu da təbii ki, gələcək illərdə artım tempinin qorunub saxlanılması üçün ciddi bir baza formalaşdırır”.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, bu ilin yanvar-noyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixracın dəyəri 721 milyon dollar və yaxud 44% artıb.