Ermənistanın Azərbaycana qarşı mina terroru davam edir- Özəl

136

Cəsarət Hüseynzadə: Məhz bunu nəzərə alaraq Azərbaycanın vətəndaş cəmiyyətinin və hüquq müdafiə təşkilatlarının nümayəndələri beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıblar.

“Xalqımıza və dövlətimizə qarşı çoxsaylı cinayətlər törətmiş Ermənistanın Azərbaycana qarşı mina terroru da davam edir. Aprelin 28-də Tərtər rayonunda mina partlayışı nəticəsində həlak olan 3 mülki vətəndaşımız isə bu terrorun növbəti qurbanları oldu”.

Bunu Sosialmedia.az-a açıqlmasında “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə deyib. Onun sözlərin görə, Ermənistanın mina terrorunun qurbanlarının sayı durmadan artır: “2020-ci ildə 44 günlük Vətən müharibəsindən indiyədək ümumilikdə 301 nəfər mina qurbanı olub ki, onlardan da 57-si həyatını itirib. Təbii ki, bunun əsas səbəbi Azərbaycana yararlı və düzgün mina xəritəsi təqdim etməyən Ermənistanın beynəlxalq konvensiyalara, o cümlədən üçtərəfli Bəyanatın 6-cı bəndinə əməl etməməsi, öhdəliklərini kobud şəkildə pozmasıdır”.

QHT sədri deyib ki, Ermənistan 44 günlük müharibədən sonra da mina terrorunu və cinayətlərini davam etdirir: “Təsadüfi deyil ki, 2022-ci ilin avqustundan etibarən Ermənistan 2021-ci ildə, yəni, müharibə başa çatandan sonra istehsal etdiyi 2 min 700-dən çox minanı Laçın yolundan sui-istifadə etməklə Qarabağa gətirib və onları ərazilərimizdə basdırıb. Məqsəd postmünaqişə dövründə Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmalarına və öz yerlərində dinc yaşamalarına maneə yaratmaqdır”.

C.Hüseynzadə vurğulayıb ki, məhz bunu nəzərə alaraq aprelin 29-da Azərbaycanın vətəndaş cəmiyyətinin və hüquq müdafiə təşkilatlarının nümayəndələri Ermənistanın Azərbaycana qarşı davam edən mina terroru ilə bağlı mətbuat konfransı keçirərək, beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıblar: “Bildiyimiz kimi, beynəlxalq ictimaiyyət və aparıcı dövlətlər hələ də Ermənistanın beynəlxalq öhdəliklərini kobud şəkildə pozmasına, o cümlədən məqsədli şəkildə minalar yerləşdirmək siyasətinə və xüsusilə Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi müharibə cinayətlərinə göz yumur. Belə olan halda isə biz QHT təmsilçiləri onların bu susqunluğuna etiraz etməli, onların nəhayət ki, hərəkət gəlməsinə çalışmalıyıq. Hesab edirəm ki, biz təkcə müraciət etməklə kifayətlənməməli, eyni zamanda, Ermənistanın cəzalandırılması üçün real hüquqi mexanizmlərdən yararlanmalı, Ermənistanın mina terrorunu dayandırmaq üçün yerli və beynəlxalq səviyyələrdə ən müxtəlif məlumatlandırma kampaniyaları və tədbirləri təşkil etməliyik”.

QHT sədri bildirib ki, bəhs edilən tədbirdə bundan sonrakı fəaliyyətin daha sistemli, ardıcıl və effektiv şəkildə qurulması məqsədilə 15 nəfərdən ibarət İşçi Qrupunun yaradılması haqqında qərar qəbul edilib.