Şuranın dəstəyi ilə Qarabağ qazisinə psixoloji köməklik edildi

198

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Beynəlxalq Əlillər Cəmiyyəti” İB həyata keçirdiyi “İmtiyazlı şəxslərin sosial problemlərinin həllinə ictimai dəstək mövzusunda maarifləndirmə tədbirlərinin təşkili” adlı layihənin icrası zamanı ictimai birliyə Yardımlı rayonunun Çayüzü kəndindən Arzuman Abdiyev müraciət edib.

Bu barədə Sosialmedia.az-a Birliyin mətbuat xidmətindən bildirilib. Qeyd edilir ki, Arzuman Abdiyev 1994-cü il ildə könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib. Döyüşlərin birində minaya düşərək aldığı zədə nəticəsində sol gözü görmür, sol qulağının pərdəsi də zədələnib. Arzuman o vaxtdan gözünün görməməsinə baxmayaraq hələ də əlillik dərəcəsi verilmədiyindən, hüquqlarının pozulmasından şikayət edir və köməklik göstərilməsi üçün İB-ə müraciət edib. İB tərəfindən A. Abdiyevin hüquqlarının müdafiəsi üçün aidiyyəti dövlət təşkilatlarına müraciət ediləcək.

A.Abdiyev müharibədə aldığı zədələr, hüquqlarının pozulması, hazırki pandemiya ilə əlaqədar uzun müddət davam edən karantinlə bağlı sarsıntı, həyəcan keçirdiyi üçün İB-in psixoloqu İbrahim Əsədli tərəfindən ona psixoloji yardım göstərildi. Karantin rejiminə əməl olunmasının onun özü ilə yanaşı yaxınlarının, ailə üzvlərinin səhhəti üçün nə qədər əhəmiyyətli olması barədə maarifləndirici söhbət aparıldı.