R.Usubovun yeni təyinatı R.Mehdiyevin GEDİŞİNİ SÜRƏTLƏNDİRƏCƏK?

372

Beləliklə, prezident sosial islahlatlarla yanaşı kadr islahatlarını da genişləndirir.

SosialMedia.az bildirir ki, “Atlas” Araşdırmalar Mərkəzi Prezident İlham Əliyevin son kadr dəyişiklikləri ilə bağlı sərəncamlarını təhlil edib. Təhlildə bildirilib ki, sosial və kadr islahatları bir-biri ilə əlaqəlidir:

“Birincisi, Ramil Usubov 25 il idi ki, daxili işlər naziri idi. Hakimiyyət nümayəndələri Ramil Usubovun fəaliyyətini müsbət qiymətləndirirdilər. Mərhum dövlət başçısı Heydər Əliyev hətta çıxışlarının birində demişdi ki, qəzetlərin yazdığının əksinə olaraq O, Ramil Usubovun işindən razıdır və O, vəzifəsində qalacaq. Ramil Usubovun mövqeləri 2005-ci ildə Hacı Məmmədov olayında zəiflədi. Daxili İşlər Nazirliyində cinayətkar qrupun fəaliyyətinin ifşa olunması cəmiyyətdə və elə hakimiyyətdə ciddi suallar doğurdu. Buna baxmayaraq, Usubov vəzifəsini qoruya bildi. Sadəcə, həmin tarixdən başlayaraq Ramil Usubovun əvəzlənəcəyi xəbərləri yayılmağa başladı. Bu xəbərlərə baxmayaraq, Ramil Usubov həmin hadisədən sonra hələ 14 il də daxili işlər naziri olaraq çalışdı”.

Təhlildə vurğulanıb ki, prezidentin Ramil Usubovu Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyinatının arxasında bu kadrı itirməmək istəyi dayanır:

“Ramil Usubov Təhlükəsizlik Şurasının katibi vəzifəsində texniki çalışmaları həyata keçirəcək, xarici həmkarları ilə görüşüb fikir mübadiləsi aparacaq. Buna qədər bu işləri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev həyata keçirirdi. Ramil Usubovun Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin olunması, yaşı 80-ə yaxınlaşan Ramiz Mehdiyevin dövlət vəzifəsindən uzaqlaşması prosesini də sürətləndirəcək”.

Təhlildə qeyd edilib ki, Mədət Quliyevin müdafiə sənayesi naziri təyin olunması iki səbəbdən gözlənilməz oldu:

“Birinci səbəb o idi ki, Mədət Quliyevin Dövlət Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə təyinatından çox da uzun müddət keçməmişdi və onun fəaliyyətindən narazılıq yox idi. İkinci səbəb bu idi ki, müdafiə sənayesi naziri Yavər Camalovun vəfatından sonra bu nazirliyin “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti ilə əvəz olunması ilə bağlı qərar verilmişdi. Bu qərardan 4 ay keçdikdən sonra “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti ləğv edilərək Mədət Quliyev yenidən yaradılmış Müdafiə Sənayesi Nazirliyinə nazir təyin olundu. Görünür, Mədət Quliyevin idarəçilik bacarığı yenidən yaradılmış Müdafiə Sənayesi Nazirliyinin işini canlandırmalıdır. Bu həm də o deməkdir ki, Müdafiə Sənayesi Nazirliyinin “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti şəklində əvəzlənməsi özünü doğrultmadı”.

Təhlildə prezident seçkisindən sonra bir qrup gənclərə etibar edilməsi və onların müxtəlif nazirliklərə rəhbər vəzifələrə təyin edilməsi də xatırladılıb:

“Bu prosesin davam etdirilməsi zəruridir. Maaş və pensiyaların artımı və bu prosesin gələcəkdə də davam etdirilməsi hakimiyyətin bütün resurslarının səfərbərliyini diqtə edir. Çünki, yalnız neftin qiymətləri üzərində iqtisadi problemləri həll etmək çətindir. Çevik və müasir çağırışlara cavab verən idarəçilik sistemi qurulmalıdır. Bu mənada bir sıra dövlət strukturlarında yeni yanaşmaların tətbiqinə ehtiyac var. Azərbaycanda kadrların yerdəyişmələrini bölgədəki gərgin vəziyyətlə də əlaqələndirmək olar. Cəbhə bölgəsində və qonşu İran ətrafında artan gərginlik, Rusiyanın Cənubi Qafqaz siyasəti, o cümlədən digər qonşu ölkələrdə baş verən proseslər tədqiq olunmalı, mümkün təhlükələr önlənməlidir. Sistem bunları bacarmalıdır”.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə daxili işlər naziri Ramil Usubov Prezident yanında Təhlükəsizlik Şurasının katibi, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev isə vəzifəsindən azad edilərək Müdafiə Sənayesi naziri təyin edildi. Prezidentin başqa sərəncamı ilə daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov daxili işlər naziri, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyev isə Dövlət Təhlükəsizlik Xidmətinin rəisi təyin edildi.