Azərbaycan və Rusiya arasında hərbi-texniki əməkdaşlıq komissiyasının növbəti iclasının vaxtı məlum olub

375

Azərbaycan və Rusiya dövlətləri arasında hərbi-texniki əməkdaşlıq komissiyasının növbəti iclasının vaxtı müəyyən edilib.

SosialMedia.az-ın verdiyi məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında Moskvada səfərdə olan Azərbaycan müdafiə nazirinin müavini general-leytnant Fuad Məmmədov bildirib.

Onun sözlərinə görə, bu ilin sentyabrında keçirilməsi planlaşdırılan iclas Azərbaycan ərazisində baş tutacaq.

Azərbaycan tərəfdən həmin komissiyaya həmsədrlik edən nazir müavini Fuad Məmmədov bildirib ki, Rusiya ilə ölkəmiz arasında hərbi-texniki sahədə əməkdaşlıq inkişaf edir: “Bundan sonra da Rusiya ilə bu sahədə əməkdaşlığı inkişaf etdirməyi planlaşdırırıq”.

Qeyd edək ki, Azərbaycan müdafiə nazirinin müavini general-leytnant Fuad Məmmədov Moskva vilayətinin “Patriot-Ekspo” Sərgi Kompleksində keçirilən “ARMY-2019” V Beynəlxalq Hərbi Texnika Forumunda iştirak etmək üçün Moskvaya səfərə gəlib. Onunla birlikdə nümayəndə heyətinə Azərbaycan müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev də daxildir.