Erməni girovluğundan azad olan azərbaycanlının durumu necədir? – Baş həkim açıqladı

252

Girovluqdan azad olunan azərbaycanlı Elvin İbrahimov hazırda Qazax Müalicə Diaqnostika Mərkəzindədir.

SosialMedia.az Diaqnostika Mərkəzinin baş həkimi Kamandar İbrahimovdan onun vəziyyətini öyrənib.

Baş həkim deyib ki, onun durumu kafi qiymətləndirilir:

“Qazax rayon Yuxarı Salahlı kənd sakini İbrahimov Elvin Arif oğlu girovluqdan azad olunaraq bu gün buraya gətirilib. Vəziyyəti kafidir, hazırda həkimlərimizin nəzarəti altında tibbi müayinə aparılır. Həyatı üçün heç bir təhlükə yoxdur. Yaxın zamanlarda evinə  buraxılacaq”.

Xatırladaq ki, cari ilin mart ayının 15-dən 16-na keçən gecə Qazaxın Ermənistanın Noyemberyan rayonu ilə sərhəd xəttində yolu azaraq, qarşı tərəfə keçən E.İbrahimov erməni hərbçilər tərəfindən açılan atəşlə yaralanıb girov götürülmüşdü.

Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında keçirilən əməliyyat zamanı o, geri qaytarılıb.