“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara sosial-psixoloji dəstək və onların asudə vaxtının təşkili” layihəsinin yekun tədbiri keçirilib

169
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə icra olunan “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara sosial-psixoloji dəstək və onların asudə vaxtının təşkili” layihəsinin yekun təqdimat mərasimi keçirilib.
“Vətəndaşların Sosial Rifahı Naminə” İB-nin sədri, layihə rəhbəri İradə Rizazadə tədbiri açaraq, 4 ay ərzində davam edən layihə və onun nəticələri haqqında geniş məlumat verib. O bildirib ki, bu müddət ərzində layihəyə cəlb olunan psixoloq benefisiar qrup və onların qəyyumları qrup və fərdi qaydada çalışmış, eləcə də təşkilat tərəfindən ailələrə sosial, hüquqi dəstək göstərilmişdir.
 Uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə isə rəsm və rəqs dərnəkləri təşkil olunmuş, onların müxtəlif muzeylərə ekskursiyası, Dənizkənarı Bulvarda gəzintisi və Qəbələ rayonuna səfəri təşkil edilmişdir. Layihə rəhbəri bildirib ki, bundan sonra da bu həssas qrupdan olan uşaqlara müxtəlif istiqamətlərdə təşkilat tərəfindən dəstək göstəriləcək.
Tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gulverdi, İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Orxan Əliyev, “Qarabağ Əlilləri və Veteranları Cəmiyyəti”nin sədri Novrasta Yusifova, “Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək” İB-nin sədri Məmmədhəsən Həsənov, ABC Tədris Mərkəzinin rəhbəri Leyla Həsənova, Binəqədi Gənclər və İdman İdarəsi və Binəqədi Gənclər Evinin nümayəndələri iştirak ediblər. Yekunda layihənin qısa xülasəsini özündə əks etdirən video çarx iştirakçılara təqdim olunub.