Sabah hava küləkli olacaq

132

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SosialMedia.az-a verilən məlumata görə, arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz  20-24° isti, Bakıda gecə 15-17° isti, gündüz  21-23°  isti təşkil edəcək.

Atmosfer  təzyiqi normadan yüksək 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək.  Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq.

Oktyabrın 21-də Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.  Gecə və səhər ayrı-ayrı yerlərdə  duman olacaq.  Şərq  küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz  23-28° isti, dağlarda gecə 6-11° isti, gündüz  13-18° isti təşkil edəcək.