Dost dar gündə tanınar!- Mətanət Əsgərqızı yazır

529

Təxminən bir il öncə idi. Mədəniyyət, teatr və ədəbiyyat sahəsində çalışanların ölkə Prezidenti ilə görüşü keçirilirdi. O görüşü hövsələmi basıb izlədim. Düzü o çıxışlara baxdıqca halım dəyişdi.Yəni bu yaşa gələn adamların cəmiyyətdə baş verən hadisələrə münasibəti bəsit, yalnız özlərindənmi ibarətdi??? Hərəsi öz problemini diqqətə çatdırmağa çalışdı.İnsanların təsəvvüründə həmin şəxslərə münasibət dəyişdi. Sonrakı günlərdə onlar haqqında geniş müzakirələr getdi.Yaxşı ki, o, danışmağa başladı.Yoxsa saatlarla keçən görüş hədər olardı.O, dedim, Afaq Bəşirqızını nəzərdə tuturam.

Yüzlərlə mədəniyyət, teatr xadiminin, teatrların problemlərini cənab Prezidentin qarşısında çəkinmədən , çılpaqlığı ilə danışdı. Aylarla bu görüş, Afaq Bəşirqızının çıxışı müzakirə olundu.Hara gedirdin o qadından danışır, qəhrəman səviyyəsinə çatdırırdılar. Cənab Prezident də qaldırılan məsələlərin hamısına dəstək oldu. İllərlə yığılıb qalan problemlər, maaş məsələsi həllini tapdı. Saytlarda, sosial şəbəkələrdə teatr xadimləri, aktyorlar dönə- dönə Afaq Bəşirqızına minnətdarlıq bildirirdilər.Zaman keçdi. Həəə, birdən məlum bir müsahibə ortaya çıxdı. O müsahibədə çoxunun dar çərçivədə, bəlkə də bundan da kəskin müzakirə etdiyini dilinə gətirmişdi. Jurnalist də qayçısız filansız bunu tirajlamışdı.İnsanlar da axı hər zaman linc etməyə hazırdı.

Hər kəsin düzü, səhvi olur. Afaq Bəşirqızı dövriyyəyə buraxıldı. Çox pisdi ki, onunla çörək kəsən, dostluq edən, qeyd etdiyim məlum görüşdən sonra həyatı dəyişən insanlar onun müdafiəsinə qalxmadılar.O təkləndi. Cəmiyyətdə hər kəs məni dürüst, sözü çılpaqlığı ilə , qorxmadan üzə deyən insan kimi tanıyır.Heç bir zaman yıxılana balta vurmadım. Bilirəm ki, Afaq Bəşirqızını məlum müsahibə ilə yerdən- yerə vurmaq istəyənlər var. Durun, dostlar deyirəm. Tanımıram, cəmi onu üç dəfə görmüşəm.

Biri Sumqayıt hadisələrindən bir neçə gün sonra idi.O zaman onlarla insanın qətl edilməsinin qarşısını almışdı.Biri 20 yanvar hadisələri günləri idi. Üçüncü dəfə də müharibənin çox ağır günlərində Ağdama, Laçına indi Kukla teatrının rəhbəri olan Rəşad Əhmədzadə ilə yardım aparanda görmüşdüm. Vəssalam, onunla ünsiyyətim daha olmayıb. Məlum müsahibədən sonra amma bir insan kimi deyirəm, hərdən sözü çürütməyək.İmkan verək ki, söz sahibi dediyi kəlmələrin ağırlığını, yüngüllüyünü dərk etsin. Afaq xanım, insanın başına iş gələr.Əsas ondan mərdanə çıxmaqdı.İnanıram ki, hələ insanlara çox gərək olacaqsız.

P.S Afaq xanıma “dostam” deyənlər, haradasınız? Nədən qorxursunuz? Niyə yanında deyilsiniz? Dost, dar gündə bilinər, deyib atalar. Axı o həm də bir azərbaycanlı qadındı. Nə isə, bu da unudulacaq.Belə məsələlərdə dost da, düşmən də bilinir. Jurnalist, Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri Mətanət Əsgərqızı