Plyonka dərdi başladı

325

Bu problemə ancaq parlament son qoya bilər. Millət vəkillərimizə səslənərək bildirmək istəyirəm ki, sürücülərin çaşqınlığına səbəb olan plyonka, jalüz, pərdə ilə bağlı məsələni müzakirəyə çıxarsınlar.

SosialMedia.az bildirir ki, Bu sözləri Axar.az-a yol-nəqliyyat eksperti Elməddin Muradlı ötən ildən avtomobillərin arxa yan şüşələrinə vurulan plyonka, jalüz, pərdə ilə bağlı yaşanan qeyri-müəyyənliklə bağlı danışarkən deyib.

Ekspert bildirib ki, hələ də sürücülərə tam aydın olmayan məsələlər var:

“Dövlət Yol Polisi keçən il açıqlama verdi ki, Yol hərəkəti haqqında Qanunda dəyişiklik edilənədək nəqliyyat vasitəsinin arxa yan şüşələrini tündləşdirməyə görə cərimə yazılmayacaq. Bu məsələdə biz Avropa İqtisadi Komissiyasının 42 saylı qərarını önə çəkdik ki, dünyada arxa şüşəni tündləşdirməyə görə cərimə yoxdur. Çünki bunun sürücüyə ziyanı olmur və təhlükəsizlik baxımından ciddi məsələ deyil. Odur ki, bizdə də qanuna dəyişiklik edib bu qadağanı aradan qaldırmaq lazımdır. Bu gün isə DYP deyir ki, 6 aydır Milli Məclis qanuna dəyişiklik etməyib. Yəni bu qədər gözləyiblər, amma parlament qanuna dəyişiklik etmir. Buna görə də deputatlardan xahiş edirəm ki, bu məsələni gündəmə gətirib qanuna dəyişikliyi təsdiq etsinlər”.

E.Muradlı deyib ki, Milli Məclis qanunu təsdiq etməsə, mayın 1-dən yol polisi minlərlə sürücüyə 150 manat cərimə yazacaq:

“Soruşanda da deyəcəklər ki, parlament qanuna dəyişiklik etmir, biz də mövcud qanunu icra edirik. Məndə olan məlumata görə, Prezident Administrasiyasından plyonka ilə bağlı qanun layihəsi ötən il parlament buraxılmazdan bir ay öncə Milli Məclisə göndərilib. Həmin layihəni müzakirəyə çıxarmaq lazımdır”.