“İstedadlı Əlillər” İctimai Birliyinin sədri: Azərbaycanda yeni federasiya yaradılır

456

Azərbaycan Milli Abilimpiya Federasiyasının əsas məqsədi ölkəmizdə əlilliyi olan insanların əmək reabilitasiyasına və onların məşğulluğunun artırılmasına dəstək olmaqdır

SosialMedia.az xəbər verirki “İstedadlı Əlillər” İctimai Birliyinin sədri Cavad Qasımov ölkəmizdə yeni yaradılan Azərbaycan Milli Abilimpiya Federasiyasının fəaliyyəti, ümumiyyətlə, abilimpiya hərəkatı barədə AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

– Siz əlilliyi olan istedadlı insanları təmsil edən ictimai təşkilata uzun müddətdir rəhbərlik edirsiniz. Bu sahədə ölkəmizdə hansı işlər görülür?

– Ölkəmizdə əlilliyi olan bacarıqlı insanlar çoxdur. Bu insanlar müxtəlif peşə sahələrində fəaliyyət göstərirlər. Əlilliyi olan insanların, xüsusilə gənclərin peşə ixtisaslarını təkmilləşdirmək məqsədilə həm dövlət, həm də ictimai təşkilatlar tərəfindən müvafiq işlər görülür. Bu sahədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə peşə reabilitasiya mərkəzlərində hər il müxtəlif peşə sənətlərinin öyrədilməsi məqsədilə əlilliyi olan yüzlərlə şəxsə təlimlər keçirilir, ümumrespublika musiqi festivalları və sərgiləri təşkil edilir. İctimai təşkilatlar da əlilliyi olan insanların bacarıqlarının inkişaf etdirilməsi və onların cəmiyyətə təqdim olunması mövzularında müxtəlif layihələr həyata keçirirlər. Bütün bunlarla yanaşı qeyd edim ki, bu sahədə daha çox geniş miqyaslı və səmərəli işlərin görülməsinə ehtiyac var.

– Konkret olaraq hansı işləri nəzərdə tutursunuz?

– Əlilliyi olan insanların həm təhsil, həm də ixtisaslaşmış peşə öyrənmək sahələrində bacarıqlarını və istedadlarını inkişaf etdirmək, eyni zamanda, davamlı məşğulluğun təmin edilməsi üçün ölkəmizin bütün regionlarını əhatə edəcək və məşğul olduğu peşə sahəsini mükəmməl bacaran fiziki imkanları məhdud olan insanların həm ölkədaxili, həm də beynəlxalq yarışlarda iştirakçılığına zəmin yaradacaq milli abilimpiya hərəkatının yaranmasına və təşkilatlanmasına ehtiyac var. Onu da xüsusi olaraq qeyd edim ki, bu təşəbbüslə ilk dəfə Azərbaycan Milli Paralimpiya Komitəsi çıxış edib. Artıq Azərbaycan Milli Abilimpiya Federasiyasının yaradılması məqsədilə təşkilati məsələlərin həll edilməsi istiqamətində işlər görülür.

– Bu, bizim üçün yeni və maraqlı məlumat oldu. Yəqin bu müsahibəni oxuyanlar üçün də maraqlı məlumat olacaq. Ümumiyyətlə, abilimpiya nədir və niyə məhz Milli Paralimpiya Komitəsi bu təşəbbüs ilə çıxış etdi? Bu barədə məlumat izləyicilərimiz üçün də maraqlı olardı.

– Abilimpiya əlilliyi olan şəxslər arasında peşə sahəsində beynəlxalq yarışlar sistemidir. Abilimpiya hərəkatı 1972-ci ildə Yaponiyada yaradılıb. İlk beynəlxalq abilimpiya yarışları da 1981-ci ildə məhz Tokioda keçirilib. Abilimpiya hərəkatının yaradılmasında məqsəd əlilliyi olan şəxslərin peşə bacarıqlarını inkişaf etdirmək və peşəkar mütəxəssislər hazırlamaqdır. Beynəlxalq Abilimpiya Hərəkatına 50-yə yaxın ölkə qoşulub: Yaponiya, Avstraliya, Çin, Hindistan, Fransa, Cənubi Koreya, Çexiya, İran, Rusiya və s. 2020-ci ildə növbəti Beynəlxalq Abilimpiya Oyunlarının Rusiyada keçirilməsi planlaşdırılırdı, lakin koronavirus pandemiyası səbəbindən yarışlar 2021-ci ilə keçirildi.

“Niyə məhz Paralimpiya Komitəsi təşəbbüskar oldu?” sualına gəlincə, bildiyiniz kimi, ölkəmizdə sağlamlıq imkanları məhdud şəxslərə dövlət tərəfindən xüsusi diqqət göstərilir. Dövlətimizin başçısı İlham Əliyev bununla bağlı tapşırıqlar verib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi bu istiqamətdə mühüm işlər görür. Daha öncə qeyd etdiyim kimi, respublikada bir çox yarmarkalar, sərgilər və müxtəlif tədbirlər təşkil olunur, əlillərin peşə hazırlıqları mərkəzləri yaradılır, əlillər arasında özünəməşğulluq proqramları keçirilir. Buna baxmayaraq, qeyri-hökumət sektorunda bununla bağlı aktivlik çox deyil. Azərbaycan Milli Paralimpiya Komitəsi həm beynəlxalq aləmdə, həm də ölkəmizdə nüfuzlu və ixtisaslaşmış bir qurum kimi, beynəlxalq və milli yarışların iştrakçısı və təşkilatçısıdır. Ölkəmizi dünya arenalarında layiqincə təmsil edən çempionlarımız Azərbaycan Milli Paralimpiya Komitəsinin yetirmələridir. Bəli, Milli Paralimpiya Komitəsinin əsas fəaliyyəti idman və idman yolu ilə fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasıdır. Bununla yanaşı, son dövrlər Paralimpiya Komitəsi tərəfindən idmanla bağlı olmayan digər sosial layihələr də həyata keçirilir. Buna misal olaraq 2019-cu ilin noyabrında Heydər Əliyev Fondunun və Azərbaycan Milli Paralimpiya Komitəsinin birgə təşkilatçılığı ilə keçirilmiş “Yenilməzlər” qala-təqdimatını, müyəssərliklə bağlı tədbirləri, dünyada ilk dəfə olaraq yaradılmış Uşaq Paralimpiya Komitəsini göstərmək olar.

Rəsmi statistika göstərir ki, Azərbaycanda 650 minə yaxın əlilliyi olan şəxs var. Onların hamısı idman ilə məşğul olmaq istəmir və eyni zamanda, idmanla məşğul olmaq onlara uyğun deyil. Əlilliyi olan şəxslər arasında digər peşə və yaradıcılığa marağı olan şəxslər də var. Bütün bunları nəzərə alaraq və qeyri-hökumət sektorunun fəallığını artırmaq üçün Komitə dövlət orqanları və beynəlxalq təşkilatlar ilə məsləhətləşərək Beynəlxalq Abilimpiya Federasiyasına (BAF) üzvlük haqqında müraciət etdi. Gördüyünüz kimi bu addım digər üzv ölkələr tərəfindən yüksək qiymətləndirildi və Komitə BAF-a üzv seçildi. Milli Paralimpiya Komitəsi qarşısına məqsəd qoyub ki, abilimpiya hərəkatını da ölkəmizdə təkmilləşdirməklə və inkişaf etdirməklə əlilliyi olan on minlərlə insanımızın cəmiyyətdə layiqli yerini tutmalarına dəstək olsun, onların fəaliyyətini ixtisaslaşmış peşə sahələrinə yönəltsin. Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun bu sahədə böyük təcrübəyə malik olması çox önəmli haldır. Əminəm ki, Komitənin başlatdığı digər sosial layihələr kimi, abilimpiya hərəkatı da ölkəmizdə inkişaf edəcək.

– Abilimpiya yarışlar sisteminə hansı peşə sahələri daxildir?

– Ümumiyyətlə, abilimpiya yarışlar sisteminə 100-ə yaxın peşə sahələri daxildir. Ölkəmizdə yaşayan əlilliyi olan insanlar arasında ən çox aktuallığı ilə seçilən və Beynəlxalq Abilimpiya yarışlarının da əhatə etdiyi peşə sahələrinə uyğun olan kompüter proqramları (IT), fotoqrafiya, ağacoyma, rəssamlıq, musiqi, mühasibat, çilingər, diş texniki, aşpazlıq, elektrik cihazlarının mütəxəssisi, toxuma, dərzilik, zərgərlik, dülgər, poster dizaynı, memarlıq, elm və incəsənət sahələrini əhatə edən bir çox peşə sahələridir. Qeyd edim ki, yeni yaradılan Azərbaycan Milli Abilimpiya Federasiyasının əsas məqsədi də yerli daxili və beynəlxalq yarışların təşkil edilməsi və yüksək iştirakçılığın təmin edilməsi ilə yanaşı, ölkəmizdə əlilliyi olan insanların əmək reabilitasiyasına və mükəmməl peşə ixtisaslarına cəlb etməklə məşğulluğun artırılmasına dəstək olmaqdan ibarətdir.