Deputatlar danışdı: sərt karantində nələr oldu?

252

Ölkədə yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azalması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək məhdudiyyətlər tətbiq edildi. Maraqlıdır, həftəsonu tətbiq edilən sərt karantin rejimini cəmiyyətimiz necə qarşıladı?

Sosialmedia.az bildirir ki, Məsələ ilə bağlı Axar.az-a açıqlama verən iqtisadçı-ekspert, millət vəkili Vüqar Bayramov bildirib ki, həftəsonu tam məhdudiyyətin elan olunmasından sonra vətəndaşların bir çoxunun ehtiyacından çox ərzaq məhsulları alması müşahidə edildi:

“Cümə günü ərzaq məhsullarına, xüsusən də un və un məmulatlarına tələbatın artması müşahidə olundu. Lakin təəssüf ki, alınan çörəklərin bir qismi istifadə olunmadı. Bazar ertəsi məlum oldu ki, kifayət qədər çox çörək ya zibil qablarına atıldı, ya da bənzər yerlərə qoyuldu. Təbii ki, bu, arzulanan mənzərə deyil. Vətəndaşların psixoloji olaraq ərzaq məhsullarını israf etməsi həm də onların ailə büdcələri üçün artıq xərc oldu. Bütövlükdə isə, bəzi istisnalar olmaqla, insanların böyük bir qismində həmrəylik müşahidə olundu”.

Millət vəkili Vahid Əhmədov deyib ki, koronavirus pandemiyasına yoluxanların sayının sağalanların sayını üstələməsi nəticə etibarilə həftəsonu tam məhdudiyyətin tətbiq olunmasına gətirib çıxardı:

“Cənab Prezident özü də Tərtərə səfəri zamanı tibbi maskadan istifadə edirdi. Ölkə başçısı belə təhlükəsizlik üçün tibbi maska taxırsa, vətəndaşlar da buna əməl etməlidirlər. Təəssüf ki, hələ də bir çox insan qaydalara riayət etmir. Pandemiya bütün dünyada tüğyan edir. Buna görə də düşünürəm ki, bu qərar yerində və doğru qərar idi. Bu iki gün faktiki olaraq mövcud vəziyyəti analiz etmək imkanı yaratdı. Düşünürəm ki, insanlar daha məsuliyyətli olmalı, həm özlərinin, həm də ətrafdakı insanların sağlamlığı üçün karantin qaydalarına qeyd-şərtsiz riayət etməlidir”.

Millət vəkili Aydın Mirzazadə deyib ki, ölkədə pandemiyanın yayılmasına baxmayaraq, vətəndaşların bir çoxu bu problemə lazımınca ciddi yanaşmır:

“Həftəsonu tam məhdudiyyətin elan edilməsi zəruri bir addım idi. Düşünürəm ki, cəmiyyətimizin böyük bir qismi bu iki günü qaydalara riayət edərək başa vurdu. Cümə günündən artıq ərzaq ehtiyatları görülməyə başlanmışdı. Düzdür, bəzi qayda pozuntuları və neqativ hallar müşahidə olunsa da, belə hallara operativ reaksiya verilərək qarşısı alındı. Hesab edirəm ki, artıq iki həftə sonra biz koronavirusa yoluxma halında kəskin azalma müşahidə edəcəyik. Bir daha qeyd edim ki vətəndaşlar bütün hallarda sosial məsafəni gözləyib bir-birinə qarşı daha hörmətlə yanaşmalıdırlar”.

Millət vəkili Elman Nəsirov isə qeyd edib ki, karantin rejiminin gücləndirilməsinin başlıca səbəbi pandemiyadan minimum itki ilə çıxmaqdır:

“Ölkə başçısı Cənab İlham Əliyev koronavirus pandemiyasının ölkədə sürətlə yayılmasının qarşısının alınması üçün həftəsonu gücləndirilmiş karantin rejimi elan etdi. Mövcud vəziyyətdə vətəndaşlardan əsas tələb edilən şey birlik, bərabərlik və məsulliyyətli olmaqdır. Təəssüf ki, məsuliyyət sözünü hər kəsə şamil etmək olmaz. Çünki bu məsələdə axsamalar var. Məhz bu axsamalar səbəbindən son günlər yoluxanların sayında kəskin artım yaşanmağa başladı. Hesab edirəm ki, əhalimizin böyük bir hissəsi həftəsonu qaydaları anlayışla qarşılaşdılar. Qoyulan məqsədə nail ola bildik. Ancaq bu halın özündə belə bəzi şəxslərin məsuliyyətsizliyi bariz şəkildə görünürdü. Xüsusilə Operativ Qərargahın həftəsonu ilə bağlı qərarı həftənin əvvəlindən verilməsinə baxmayaraq, vətəndaşların böyük qismi son gündə tədarük görməyə başladılar. Bu da öz növbəsində sıxlığa və potensial yoluxmaya gətirib çıxardı. Hazırda heç bir ajiotaja ehtiyac yoxdur. Çünki ölkəmizin kifayət qədər qida ehtiyatı var”.