Zəfər tarixini qanı ilə yazan igidlərimizdən biri Şəhid Cavad Hüseynov-VİDEO

750

Dünya yarandığı gündən insanların bir- biri ilə ədavəti mübahisələrə,sonra isə dövlətlər arasında müharibələrə səbəb olub. Bir insan digəri ilə yola getmirsə onun olduğu yeri tərk etmək məcburiyyətində qalır. Amma çox təəssüf ki biz çox məkrli erməni milləti ilə və eyni zamanda dövlətilə qonşu olmaq məcburiyyətindəyik.

27 sentyabr 2020-ci ilə qədər ölkəmizdə bir milyon iki yüz min insanın həyatına 30 il məcburi köçkün olmaq yazıldı. Bu tarix hər bir azərbaycanlının həyatını dəyişdi. Azərbaycanın güclü, müzəffər ordusu 30 il işgal altında olan torpaqlarını azad etdi və biz 44 günlük müharibədə qalib olduq. Bu xoşbəxtliyi, zəfəri bizə yaşadan 2825 şəhid və 1245 qazimiz var. Vətən Müharibənin nəticəsi olaraq daha ölkəmizdə məcburi köçkünlər də yoxdur . Neçə-neçə döyüşdə iştirak edən igidlərimiz var ki, biz onları tanımırıq. Çalışmaq lazımdır ki, hər bir kəs bu igidləri tanısın və onların göstərdikləri sücaətlərdən xəbərdar olsunlar. Biz Azərbaycanın şanlı tarixini qanları ilə yazan igidlərimiz barədə yazmağı özümüzə borc bilirik. Onlardan biri ilə sizləri tanış etmək istərdim. Onun barəsində məlumat almaq üçün evlərinə yollandım .

Anası ilə görüş zamanı çox çətin anlar yaşadım. Övladı üçün arzular quran ananın birdən-birə ümidləri əbədi yox olub… Şəhid Cavad Cavid oğlu Hüseynov 16 sentyabr 1998-ci ildə Lerik rayonunun Çayrud kəndində dünyaya gəlib. Cavad Lerik rayonunda doğulsa da, sonra ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. O, Sumqayıt şəhər 34 saylı orta məktəbi bitirib. Lənkəran Dövlət Universitetinin Biznesin idarə edilməsi fakultəsinə daxil olub. Bir il üç aydan sonra təhsilini donduraraq, 2019-cu ildən hərbi xidmətə yollanıb.

Cavadın əsgər yoldaşı Hamlet Bəxtiyar oğlu Qayıblı- 27 senytabrda könüllü olaraq müharibəyə yollandım. Özüm Sumqayıtda yaşasam da ilk dəfə Cavadla Tərtərdə hərbi hissədə tanış oldum.

Mərd oğlan idi.Biz Suqovuşanın alınmasında iştirak etdik və bir çox döyüşlərdə birlikdə olduq. Oktyarın 17-də Cavad mənə yaxınlaşaraq bir məktub verdi və dedi ki, bunu şəhid olsam ailəmə verərsən. Mən isə məktubu geri qaytardım, dedim ki, evə özün qayıdacaqsan. O, isə qolundakı saatı mənə verib dedi ki, bunu qardaşıma verərsən, bilirəm mən bu gün şəhid olacam. Cavad ayrı qrupla döyüşə yollandı və elə həmin gecə şəhid xəbəri gəldi. Onunla birgə döyüşə yollanan əsgərlrəimiz Tərtər və Ağdərə istiqamətində gedən döyüşlərdə həlak oldular.

Cavad Hüseynov oktyabrın on yeddisindən on səkkizinə keçən gecə şəhid olsa da, nəşi neytiral zonadan noyabrın 12-də çıxardılıb. Qəhrəman şəhidimiz noyabr ayının 18-də ailəsinə təhvil verilərək, Sumqayıt şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Ruhun şad olsun Əsgər !

müəllif: Səbinə Kərimova