Qərbin bu təzyiq vasitəsi Putini qəzəbləndirdi

195

Aydın məsələdir ki, Rusiya Prezidenti Vladimir Putin bəzi Qərb ölkələrinin Rusiyaya qarşı addımlar atmasını həzm edə bilmir. Xüsusilə Rusiya diplomatlarının Şərqi Avropanın bir sıra ölkələrindən qovulması Kremli özündən çıxarıb. Lakin Kreml bu vəziyyətlə hələ bir müddət barışmalı olacaq.

Sosialmedia.az bildirir ki, Bu sözləri Axar.az-a “Atlas” Araşdırmalar Mərkəzinin siyasi eksperti Samir Hümbətov Rusiya Prezidenti Vladimir Putinin bəzi Qərb ölkələrini Rusiyaya qarşı atdığı addımlardan dolayı “Şirxanın çaqqalları” adlandırmasını şərh edərkən deyib.

Politoloq qeyd edib ki, rus diplomatların bəzi ölkələrdən qovulmasının səbəbləri var:

“Son dövrlər Rusiyanın bu qədər aqressivləşməsinin kökündə Qərbdən olan təzyiqlər durur. ABŞ və AB ölkələrinin Rusiyaya təzyiqlərinin başlıca səbəbi isə Ukraynanın şərqində baş verən gərginlikdir.

Kremlin Ukrayna sərhədinə 100 mindən artıq hərbçi cəmləməsi, hər an başlaya biləcək müharibə riski ABŞ və onun müttəfiqlərini Kremlə qarşı daha ciddi addımlar atmağa vadar edir. Bu ölkələr bu yolla Kremli Ukrayna ilə müharibədən daşındırmağa çalışır.

Düşünürəm, yaxın günlərdə biz Rusiya liderini daha qəzəbli görə bilərik. Çünki Rusiya diplomatları hələ bir sıra ölkələrdən də qovula bilər. Belə görünür ki, bu, Qərbin Kremlə qarşı yeni təzyiq vasitəsinə çevrilir. İndiki halda sadəcə Rusiyadan böyük ölçüdə enerji asılılığı olan ölkələr Kremllə münasibətləri normal saxlamağa çalışır”.

Politoloqun sözlərinə görə, hazırda ABŞ-Rusiya gərginliyi pik həddə yaxınlaşır:

“Bənzər proseslər Tramp administrasiyasının dövründə baş vermirdi. Həmin dövrdə Rusiyanın ABŞ-a qarşı ciddi bir aqressiyası da hiss olunmurdu. Lakin Bayden hakimiyyətə gəldikdən sonra iki ölkə münasibətləri hazırkı vəziyyətə qədər gərginləşib.

Bayden Kremlə qarşı fərqli taktikalardan istifadə edir və mümkün olduqca antirusiya koalisiyasını genişləndirir. Düşünürəm, mövcud gərginlik hələ artacaq. Qərb ehtimal ki, yaxın günlərdə Navalnı kartından da istifadə edəcək”.