Ələt Azərbaycan üçün yeni fürsətlər açır – Millət vəkili

179

Ələt Azad İqtisadi Zonası Azərbaycanda qeyri-neft sektorunun inkişafı və bütövlükdə Azərbaycan iqtisadiyyatına investisiyaların cəlb edilməsi baxımından vacib bir layihədir. Bu iqtisadi zonanın əsas üstünlüyü zona ilə bağlı xüsusi qanunun qəbul edilməsidir. Ələt İqtisadi Zonası praktiki olaraq beynəlxalq hüquqla tənzimlənir.

Sosialmedia.az bildirir ki, Bu sözləri Axar.az-a millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsi barədə danışarkən deyib.

“Azərbaycan hökuməti tərəfindən Ələt Azad İqtisadi Zonasında ilkin infrastruktur formalaşdırılır. Bu da xarici investisiyanın cəlbi baxımından vacibdir. Gözlənilir ki, bu iqtisadi zona xüsusən də qeyri-neft məhsullarının istehsalı baxımından yeni sərmayənin cəlb edilməsinə imkan verəcək. Bu, məhsulların bir qisminin daxili, bir qisminin xarici bazara çıxarılmasını təmin edəcək.

Eyni zamanda bu zona Azərbaycan üçün texnologiya və innovasiyanın cəlb edilməsi baxımından vacib hesab olunur. Güman olunur ki, bu, yeni iş yerlərinin, xüsusən də ixtisaslı kadrların işlə təminatına müsbət təsir göstərəcək. Bütövlükdə, bu zonanın yerləşmə coğrafiyası elədir ki, həmin zonada istehsal edilən məhsulların ixrac baxımından kifayət qədər böyük üstünlükləri var. Zonada istehsal edilən məhsulların əhəmiyyətli hissəsinin də ixrac olunacağı, bununla da Azərbaycanın qeyri-neft ixracatının artacağı proqnozlaşdırılır. Daxili bazara daha çox yerli istehsal edilən məhsulların çıxarılması Azərbaycanın qeyri-neft ixracatının artacağına zəmin yaradır. Nəzərə alaq ki, bu zona paytaxta yaxın ərazidir. Buraya xarici sərmayənin cəlbi nəzərdə tutulduğundan, bu, ixtisaslı kadrların daha yüksək əmək haqqı ilə işlə təmin olunmasın imkan verəcək”, – millət vəkili qeyd edib.