Şabranda yanğın söndürüldü

298

Şabran rayonunda meşə massivi yanır.

Sosialmedia.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Ağalıq kəndində baş verib.

Belə ki, kənd sakinləri biçilmiş taxıl sahələrinə od vurublar. Daha sonra yanğının miqyası genişlənərək ətraf ərazilərə yayılıb.

Meşə massivinə düşən yanğın yaxınlığda olan kənd üçün bir sıra təhlükə yaratmaqdadır.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin və ətraf rayonların avtomobili və canlı qüvvəsi cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

***

Rayonun Ağalıq kəndində baş verən yanğının miqyası getdikcə genişlənir.

Belə ki, Gəndob-Xaçmaz-Yalama avtomobil yolu bağlanıb. Avtomobillərin hərəkətı üçün ciddi təhlükə yaranıb. Həmçinin ətrafda yerləşən bir sıra ictimai-iaşə obyektləri yanıb.

Meşə massivindən ətrafa yayılan yanğın yaxınlıqda olan kənd üçün təhlükə yaratmaqda davam edir.

***

Şabran rayonunun Ağalıq kəndində baş verən yanğın nəticəsində ətrafda yerləşən kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb.

Kənd sakinləri yanğının ilkin olaraq ərazidən keçən yüksək gərginlikli elektrik xəttində baş verdiyini bildirib.

Qısa qapanma nəticəsində biçilən əkin sahəsi alışıb və güclü külək nəticəsində yanğının miqyası genişlənib.

Alovun qarşısını almaq getdikcə çətinləşir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Hissələrinin əməkdaşları yanğını söndürməyə çalışırlar.

***

Şabran rayonu, Ağalıq kəndində əkin sahəsində yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Rayon ərazisində havanın küləkli olması səbəbindən yanğının sahəsi genişlənib. Yanğınsöndürmə işlərini sürətləndirmək və yanğının geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və Şabran Rayon İcra Hakimiyyətinin müvafiq texnikaları əraziyə cəlb olunub. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

***

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şabran rayonu, Ağalıq kəndində əkin sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in müvafiq qüvvələri cəlb edilib.

Nazirlikdən bildirilib ki, havanın isti və küləkli olması səbəbindən yanğın qısa müddətdə genişlənərək yaxınlıqdakı meşəlik əraziyə keçib. Bununla belə, yanğınsöndürmə qüvvələrinin effektiv tətbiqi sayəsində hazırda yanğını bir neçə istiqamətdə nəzarətə götürmək mümkün olub ki, bununla da ərazidə yerləşən ictimai iaşə obyektləri və yaxınlıqdakı kənd üçün yaranmış təhlükə aradan qaldırılıb. Həmçinin, ətraf kəndlərin elektrik enerjisi ilə təchizatında hər hansı problem olmayıb.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Yanğınsöndürmə əməliyyatında FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və Şabran Rayon İcra Hakimiyyətinin müvafiq texnikaları iştirak edir.

Əlavə məlumat veriləcək.

***

Şabran rayonu, Ağalıq kəndi yaxınlığında açıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin gördüyü operativ və təxirəsalınmaz tədbirlər sayəsində söndürülüb.

Nazirlikdən verilən məlumata görə, yanğın nəticəsində ilkin hesablamalara əsasən təxminən 40 hektar sahədə biçilmiş əkin sahəsi və 15 hektar sahədə kol-kos və qurumuş ağaclar yanıb.

Digər biçilmiş, habelə biçilməmiş əkin sahələri, sıx meşəlik ərazi, ictimai-iaşə və kommunikasiya obyektləri yanğından mühafizə olunub.

Yanğınsöndürmə əməliyyatında FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, Şabran Rayon İcra Hakimiyyətinin müvafiq texnikaları və yerli kənd sakinləri iştirak edib.