QHT “Məişət zorakılığına qarşı birlikdə mübarizə aparaq!” layihəsinin icrasına başlayıb

294

“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 sentyabr 2022-ci il tarixindən “Məişət zorakılığına qarşı birlikdə mübarizə aparaq!” adlı layihənin icrasına start verib.

Layihə rəhbəri Nailə İsmayılovanın Sosialmedia.az -a bildirdiyinə görə layihə 2 ay müddətində (01sentyabr-01 noyabr 2022-ci il) 4 rayon və şəhəri – İsmayıllı, Göyçay, Saatlı rayonlarını və Bakı şəhərini əhatə etməklə icra olunacaq.

Layihənin əsas məqsədi məişət zorakılığının qaşısının alınması və onunla mübarizə sahəsində görülən işlərin monitorinqinin aparılması, nəticələr barədə ictimai müzakirələrin təşkili, həmçinin mübarizə istiqamətində təkmilləşdirilmə üsulları üzrə tövsiyyələrin hazırlanmasından ibarətdir.

Layihə çərçivəsində məkanından asılı olmayaraq ictimaiyyət arasında məişət zorakılığı və onun başvermə səbəbləri, həmçinin məişət zorakılığının qarşısının alınması və onunla mübarizə aparılması haqqında məlumalılıq səviyyəsi barədə anonim (ad, soyad qeyd olunmadan) şifahi sorğu aparılacaq. Sorğuda həmçinin məişət zorakılığı qurbanlarının ailə vəziyyəti, sosial və psixoloji durumu, ətrafdakı insanların (ailə üzvləri, qohumları və s.) onlara münasibəti, eyni zamanda onların ətrafdakılara münasibəti öyrəniləcək. Bundan əlavə, onlara hansı növ yardıma (tibbi, psixoloji, hüquqi və s.) daha çox ehtiyaclarının olduğu araşıdırılacaq. Keçirilmiş sorğular mütəxəssislər (ekspert, hüquqşünas) tərəfindən təhlil olunacaq. Bildiyimiz kimi, hər bir şəhər və rayonun icra hakimiyyətlərinin nəzdində məişət zorakılığının qarşısının alınmasıyla bağlı monitorinq qrupları fəaliyyət göstərir. Layihənin növbəti addımı kimi seçilmiş rayon və ya şəhərin monitorinq qruplarıyla əməkdaşlıq ediləcək və bu istiqamətdə görülən işlərlə bağlı fikir mübadilələri apararaq monitorinqlər təşkil olunacaq.

Layihənin ideya və mövzusuna uyğun olaraq layihə çərçivəsində hazlrlanmış məlumatlandırıcı və az zaman ərzində insanı düşündürən sosial çarx hər bir rayon və şəhərdə təşkil olunacaq dəyirmi masa iştirakçılarına (hər raondan 30 nəfər olmaqla) təqdim olunacaq.

Dəyirmi masa ətrafında aparılacaq ictimai müzakirələrdə müvafiq icra orqanları, bələdiyyə və ictimaiyyət nümayəndələri, yerli QHT-ları və KİV nümayəndələri iştirak edəcəklər.