“Fiziki-məhdudiyyətli şəxslərin idmanla cəmiyyətə inteqrasiyası” adlı layihənin növbəti tədbiri keçirildi

259

“Fiziki-məhdudiyyətli şəxslərin idmanla cəmiyyətə inteqrasiyası” adlı layihənin III tədbiri baş tutdu.

Sosialmedia.az xəbər verir ki, 17 noyabr 2022-ci il tarixində Şağan Reabilitasiya Pansionatında Arabaçı Əlillər Şəbəkəsi İctimai Birliyi tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən “Fiziki-məhdudiyyətli şəxslərin idmanla cəmiyyətə inteqrasiyası” adlı layihənin III tədbiri baş tutdu.
Tədbiri giriş sözü ilə açan Arabaçı Əlillər Şəbəkəsi İctimai Birliyinin sədri Ruhin Cəfərov qonaqları salamladıqdan sonra iştirakçılara layihə haqqında ətraflı məlumat verdi. Sonra mərkəzin direktoru Təranə Quliyeva, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin psixo-sosial reabilitasiya sahəsinin koordinatoru Fatimə Kərimli, Azərbaycan Respublikası Boccia İdman Federasiyasının vitse-prezidenti İlham Məhərrəmov, Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyinin sədri Yasəmən Qəyyumlu, layihənin təlimçisi Mələk Rüstəmova, Para-poverliftinq idman növünün baş məşqçisi Elşən Hüseynov, Qarabağ Qazisi Elmar Teymurov, “Qarabağ Qazilərinin idmana cəlb olunması” komissiyasının sədr müavini Əfqan Əhmədov və idman mütəxəssisi Murad Nəzərli çıxış etdilər. Natiqlər çıxış edərkən layihənin vacibliyindən, qazanılan nəticələrindən, qarşıya qoyulan məqsədlərdən bəhs etdilər.
Layihənin sonunda iştirakçılar motivasiya məqsədi ilə İctimai Birlik tərəfindən sertifikatlarla təltif edildi, xatirə şəkilləri çəkdirildi.
Tədbir bitdikdən sonra iştirakçılar çay süfrəsi ətrafında toplanaraq səmimi söhbətlər etdilər, paralimpiya idman növləri ilə məşğul olmaq üçün təlimçi və yönləndirici şəxslərlə əlaqələr qurdular.
Qeyd etmək istərdik ki, layihə əsasında bundan əvvəl həyata keçirilən 2 tədbirin nəticələrinə əsasən artıq bir neçə fiziki-məhdudiyyətli şəxslər paralimpiya idman növləri ilə məşğul olurlar.

#Fiziki #Məhdudiyyətli #Şəxslərin #İdmanla #Cəmiyyətə #İnteqrasiyası #QHT #Dəstək #Agentlik