Son damla qanımıza qədər vətən üçün fəda etməyə hazırıq

133

Bu gün çox təəssüf doğuran bir məlumat oxudum. Bəzi saytlarda Xankəndi-Laçın yolunda aksiyanı təşkil edən qeyri-hökümət təşkilatlarına dövlət tərəfindən qrant verildiyi haqqında məlumatlar paylaşılır. Bunu QHT-nin nə olduğunu bilməyən, ümumiyyətlə ictimaiyyətçi olmağın, ideyalara könül verməyin nə olduğunu bilməyən insanlar deyə bilərdi ancaq. Onları qınamıram. Amma QHT sektorunda dünyaya göz açmış biri kimi fikrimi bildirməsəm özümü qınayaram.

Təşkilatımız ilk olaraq “Aydınlıq Cəmiyyəti” adı ilə 1991-ci ildə atam Şərif Qəribov tərəfindən yaradılıb. Əsas məqsədi xalqın inkişafı, mədəni irsin təbliği, gənclərin maarifləndirilməsi, eko turizmin inkişafı, milli adət ənənələrin qorunub saxlanılması, ölkəyə turist axının gücləndirilməsi idi.

Birliyin rəhbəri bu məqsədlərinə çatmaq üçün öz yaratdığı “Odlar Yurdu” turizm şirkətinin fəaliyyətindən əldə etdiyi gəlirlərdən istifadə edir və əlavə olaraq xeyriyyə işləri də həyata keçirirdi.

Atam bu işə başlayanda mənim 10 yaşım var idi. 13 yaşımdan artıq birliyin işlərində bacardığım qədər töhfə verməyə çalışırdım. Bu işlər mənim üçün çox maraqlı idi. İş həyatımda müxtəlif sahələrdə işləmək imkanım olsa da ictimai fəaliyyətimdən uzaqlaşmamaq üçün bütün işlərdən imtina etdim. Həyat təcrübəm mənə onu göstərib ki, insan hər hansı təlim almaqla ictimaiyyətçi olmur, o bu ruhda doğulur.

Artır 32 ildir, qocaman 32 ildir ki, QHT-lərin fəaliyyətini həm görür, həm də onlarla çiyin çiyinə çalışıram. Bu sektorda çox şəxsiyyətli insanlar tanımışam. Şəxsi əşyasını, qızılını satıb ideyasını həyata keçirən böyük ürəkli insanlar tanımışam. Əlilliyə görə aldığı təqaüdü bu yolda xərcləyən QHT rəhbəri tanımışam. Bu günə qədər xalqın sosial iqtisadi rifahının yaxşılaşdırılmasında, ölkənin inkişfında QHT-lərin danılmaz xidmətləri var.

Bu insanlar xalqının mənəvi dəyərlərini qorumaq, hüquqlarını müdafiə etmək, sosial və iqtisadi vəziyyətlərini yaxşılaşdırmaq üçün dünyada inkişaf etmiş ölkələrin yeni təcrübələrini öyrənib əziyyətli layihələri icra edən, vətəndaşlara daima təmənnasız xidmət göstərən, qaranlıq beyinlərdə şam yandırmaq istəyən, çalışqan, mübariz və ideyalara könül vermiş insanlardır.

Onlar lazım gəldiyində hökumətin nöqsanlarını deməyi də bacarır, hər hansı çatışmamazlığın aradan qaldırılması uğrunda mübarizə aparmağı da. Lazım gəldiyi zaman dövlətin maraqları və rifahı naminə hökumətlə çiyin-çiyinə işləməyi də bacarır.

Bu gün ölkədə fəaliyyət göstərən qeyri-hökümət təşkilatlarında çalışanlar savadlı, zəhmətkeş, vətənpərvər, yüksək intellektual səviyyəyə malik və ən əsası da çox vətənpərvər, lazım gəldiyində qrant hesabına, lazım gəldiyində könüllü xidmət edən insanlardır. Ən vacibi də odur ki, bizim özümüz kimi yetişdirdiyimiz könüllü ordumuz var. Vətən üçün xidmətdə heç bir təmənna ummayan nümunəvi gənclərimiz var.

Azərbaycan xalqı hər zaman bir olub, birləşməyi bacarıb və bu birlik idi ki, cənab prezident İlham Əliyevin bir əmri ilə dəmir yumruq kimi birləşib əsrin qələbəsinə nail olduq.

Bu gün də ekoloqların və QHT fəallarının erməni separatçılarının qanunsuz əməllərinə etiraz olaraq keçirdiyi aksiya zamanı bir yumruq olmağı bacarırıq.

Mən bu aksiyanın ilk günü QHT nümayəndələrinin cəsarətinin və vətənpərvərliyinin təkrar şahidi və heyranı oldum. Biz əraziyə daxil olanda üzərimizə əli silahlıların gəlməsinə baxmayaraq, ərazimizdə müvəqqəti yerləşdirilmiş rus sülhməramlılarının zirehli texnikalarının və dağlarda ermənilərin olma ehtimalının olmasına baxmayaq, bir dəqiqə sonra nə olacağını önəmsəməyərək irəli addımladıq.

Bu gün azərbaycan xalqının ən həssas nöqtəsi işğaldan azad olan ərazilərimizin taleyidir. Çünki bu bizim üçün sadəcə bir ərazi deyil. Minlərlə şəhidin qanı ilə yuyulmuş, canı bahasına azad edilmiş müqəddəs torpaqlardır. Heç kim bizim bu mövzuda nəyəsə susacağımızı gözləməməlidir.

Dünya şahiddir ki, 30 illik işğal dövründə ermənilər daima Azərbaycan torpaqlarında ekoloji terror törədib, təbiətimizə zərər vurub, şəhər və kəndlərimizi talayıb, infrastrukturu məhv edib.

Bu gün dövlətimiz azad edilmiş ərazilərdə yüksək səviyyədə işlər aparır. Biz də vətəndaş cəmiyyətinin ekofəalları olaraq bu aksiyanı başladıq, lakin bizə bütün xalq qoşuldu. Çünki “Vətən” anlayışı hamımız üçün birdir. Bu ümummilli məsələdir.

Tələbimiz Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərimizdə faydalı qazıntı yataqlarının istismarının dayandırılması, ekoloji terrora son qoyulması, təbiətimizin qorunması, mina terroruna son qoyulmasıdır.

Bu gün dünyaya “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!” şüarı ilə səslənirik. Haqlı tələbimizə nail olana qədər də aksiyamız davam edəcək.

Azərbaycan Respublikasında fəaliyyət göstərən qeyri-hökümət təşkilatlarının 30 ildir apardığı və bu günə qədər davam edən informasiya müharibəsini, pandemiya dövründə, 44 günlük müharibədə arxa cəbhədəki xidmətlərini, bu günə qədər şəhid ailələrinə göstərilən diqqət və qayğını görənlər bilir ki, vətəndaş cəmiyyətinin vətənə xidmət göstərməsi üçün keçirdiyi tədbirlərə, tələblərin yerinə yetirilməsi üçün təşkil etdiyi aksiyaya görə qranta ehtiyacı yoxdur. Lazım gələrsə nəinki son qəpiyimizə qədər, hətta son damla qanımıza qədər vətən üçün fəda etməyə hazırıq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında İctimai Şuranin sədr muavini

“Davamlı Turizmin inkişafına Dəstək” İctimai Birliyinin sədri Nərminə Qəribova