Azərbaycan mina təhlükəsi ilə bağlı konfrans keçirməklə qlobal çağırışları müzakirə etdi- Özəl

281

Mayın 25-də Ağdamda “Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol” mövzusunda 2-ci beynəlxalq humanitar minatəmizləmə konfransının keçirilməsi Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında mövcud olan mina təhlükəsinə dünya ictimaiyyatının diqqətini cəlb etməkdir. Tədbirin Ağdamda keçirilməsi konfrans iştirakçılarının yerində real vəziyyətlə tanış olması və eyni zamanda, qonaqların Ağdamda törədikləri vəhşilikləri öz gözləri ilə görmələrinə şərait yaratmaqdan ibarət idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciət etməsi isə dövlətimizin başçısının mina təhlükəsizliyi məsələsinə həssaslığının və konfrans iştirakçılarına diqqətinin təzahürüdür. Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti mina təhlükəsizliyi məsələsi ilə bağlı beynəlxalq təbirlərdə və eyni zamanda, üçtərəfli danışıqlarda bu məsələni ciddi formada qaldırır.

Sosialmedia.az xəbər verir ki, bu sözləri “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.

“Vətən müharibəsində ölkəmizin tarixi Zəfər qazanması nəticəsində torpaqlarımız işğaldan azad edildi. Sözsüz ki, 30 illik işğal dövrünün yaraları qalmaqdadır. Bu yaralardan biri də mina terrorudur. Dayanıqlı inkişafa gedən yol mina təhlükəsi ilə mübarizədən keçdiyindən Azərbaycan dövləti bu istiqamətdə əməli addımlar atır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, məhz buna görə Azərbaycanda humanitar minatəmizləmə 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi olaraq rəsmən elan edilir. Hazırda Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatında da Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması ideyası üzərində iş gedir.
Azərbaycan mina təhlükəsizliyi ilə bağlı beynəlxalq təşəbbüsləri irəli sürməklə yanaşı, ölkə ərazində erməni işğalından qalan bu amansız düşmən ilə də mübarizəni davam etdirir. Ümumilikdə 88 min 260 mina və müharibənin digər partlayıcı qalıqları, o cümlədən 28 min 259 piyada əleyhinə mina, 15 min 303 tank əleyhinə mina və 44 min 698 partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib”, – deyə İctimai Birliyin sədri qeyd edib.

Minatəmizləmə əməliyyatlarının xeyli maliyyə tutumlu və ağır fəaliyyət olduğunu söyləyən C.Hüseynzadə bu sahəyə Azərbaycanın kifayət qədər vəsait ayırdığını vurğulayıb: “Azərbaycan, eyni zamanda, belə konfrans keçirməklə bu sahədə qabaqcıl təcrübə mübadiləsi, qlobal çağırışları müzakirə edir. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, məqsəd bəşəriyyətin rifahı və gələcək nəsillərə “minalardan təmizlənmiş dünya” miras qoymaqla yeni ideya və təşəbbüslərin irəli sürülməsinə töhfə verməkdir”.