QHT sədri: Azərbaycandakı “müharibə əleyhdarları” tarixdə elə saxta “NO WAR”çılar kimi qalacaq -Özəl

222

Azərbaycan ərazisinin işğal altında olduğu dövrdə cəmiyyətinin əksər üzvləri müharibənin labüdlüyünü, Azərbaycanın hərbi yolla öz torpaqlarını işğaldan azad etməkdən başqa yolunun olmadığını bildirirdilər. Azərbaycan dövləti 30 illik bir müddətdə bu prosesi sülh və dinc yolla həyata keçirmək üçün uzun və ağır bir yol qət etdi. Hər dəfə danışıqlar hər hansı bir müsbət mərhələyə qədəm qoyurdusa, Ermənistan tərəfindən müxtəlif təxribatyönümlü hadisələr baş verirdi. Səbir kasası dolan Azərbaycan Ermənistan tərəfindən törədilən siyasi və hərbi təxribatlar fonunda cavab tədbirləri görməklə və eyni zamanda, hərbi əməliyyatlar vasitəsilə öz ərazilərini işğaldan azad etmək üçün 44 günlük vətən müharibəsini apardı. Həmin dövrdə Azərbaycan cəmiyyəti haqlı olaraq bu problemin yeganə yolunun müharibə olduğunu görürdü və dövlətin atdığı addıma, Azərbaycan Ordusuna dəstəyini ifadə etdi. Əsasən 2020-ci il müharibəsi dövründə “NO WAR”çılar kimi ortalığa atılan bir qrup “ictimai fəal”ın, əslində, Azərbaycan cəmiyyətini təmsil etmədikləri elə ilk andan ortaya çıxdı. Bu “sülhpərvər” şəxslərə qarşı cəmiyyət tərəfindən kəskin etiraz var idi. Hələ 2016-cı ildə qısamüddətli müharibə dövründə ilk rüşeymləri formalaşan “NO WAR”çıların xarici qüvvələrin, xüsusən də bəzi Qərb və ermənipərəst dairələrin dəstəyi ilə fəaliyyətdə olduğu bəlli idi.

Sosialmedia.az xəbər verir ki, bu sözləri “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.

O bildirib ki, tarixən “NO WAR” hərəkatı, müharibə əleyhinə olan qüvvələr cəmiyyətin daxili potensialı hesabına formalaşıb. Bu hərəkat o vaxt meydana çıxır ki, bir dövlət başqa bir dövlətin ərazisini işğal edir və yaxud üçüncü dövlət olaraq müharibəyə daxil olur. Elə “NO WAR” hərəkatı məhz bəzi Qərb dövlətlərində o vaxt yaranmışdı ki, həmin dövlətlər kənar ərazilərdə müharibələr aparırdı. Yaxın tariximizdə də bəzi dövlətlərin başqa ölkəyə hücumu zamanı belə hərəkatların yaranmasının şahidi olmuşuq. Cəlb olunduğumuz müharibə şəraitində Ermənistanda “NO WAR” hərəkatının olması normal qarşılana bilər. Çünki erməni cəmiyyəti haqlı olaraq dövlət rəhbərlərinə çağırış edə bilərdi ki, Ermənistan əsgərinin Azərbaycan ərazisində nə işi var? Niyə Azərbaycanın ərazisinin işğalında iştirak edib? Tarixdə elə nümunə yoxdur ki, ərazisi işğal altına düşən, məcburən müharibəyə cəlb olunan, uzun müddət sülh danışıqlarında iştirak edən bir ölkədə “NO WAR” hərəkatı yaransın. Bir sözlə, Azərbaycanda yaradılan və “bəslənən” “NO WAR”çıların saxta olduğu, kənar qüvvələrin təsiri ilə yarandığı məhz bu amillərlə bir daha sübut olunur. Əsl məqsədin sülhə deyil, Azərbaycana qarşı olduğu aydın görünür. Qısacası, Azərbaycandakı “müharibə əleyhdarları” tarixidə elə saxta “NO WAR”çılar kimi qalacaq.

“Özlərinin müharibə əleyhdarları kimi təqdim edən bu şəxslər münaqişənin həlli üçün müharibədən başqa alterativ yolların da olduğunu bildirirlər. Bəs 30 illik dövrdə Azərbaycan tərəfi həmin alternativ yolla getmirdi? Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupu müharibənin olmaması üçün hansı addımlar atdı? Saxta “NO WAR”çılar nə zamansa beynəlxalq ictimaiyyətə müraciət etdilər ki, Ermənistanın işğalçılıq siyasətinin dayanması və ya bu dövlətin Gəncə və Bərdəni raketlə vurması ilə yüzlərlə dinc sakini öldürməsinə görə həmin ölkəyə təzyiq edilsin? Bu addım da sülhün yaranması üçün əsas olsun? Əlbəttə ki, belə müraciətlər olmadı. Başqa bir məqam “NO WAR”çıların əsl üzünü bir daha açır. Həmin şəxslərin bəzilərinin çıxışları Azərbaycana qarşı qərəzli olan müxtəlif beynəlxalq təşkilatların ritorikası ilə üst-üstə düşür. “NO WAR”çıların həm də Azərbaycanda insan hüquqları, demokratiya və digər məsələləri gündəmə gətirməklə, əslində, hansı qüvvələri təmsil etdiklərini açıq büruzə verirlər. Heç bir sosial dayağı olmayan Azərbaycandakı “NO WAR”çılar sülhə, sabitliyə yox, erməni lobbisinə, Corc Sorosun və digər qrupların “xaos yaratmaqla təsir etmək” ideyasına xidmət edirlər. Bu işdə guya özünü liberal dəyərlərə sadiq göstərən bir ovuc azərbaycanlı istifadə olunur”, – deyə C. Hüseynzadə vurğulayıb.

QHT sədrinin sözlərinə görə, “NO WAR”çıların əsl niyyətinin nə olması, onların hansı qüvvələrə xidmət etməsi xüsusilə diqqət mərkəzində olmalıdır. Xalq tərəfindən nifrətlə qarşılanan bu qüvvələrin sosial dayaqları olmasa da, həmin şəxslər sosial şəbəkələrin imkanlarından istifadə etməklə feyk profillər və digər üsullar ilə ajiotaj yarada bilərlər. Eyni zamanda, süni müzakirələr aparmaq və digər yollarla cəmiyyətdə yanlış fikirlər yarada, insanların hisslərindən istifadə etməklə onları yanlış istiqamətə çəkə bilərlər. Bu baxımdan Azərbaycan cəmiyyəti haqlı olaraq həmin şəxsləri ifşa etməklə, onların əsl məqsədlərinin nə olduğunu ictimaiyyətə açıqlayır.