Heydər Əliyevin şərəfli həyat və fəaliyyətindən bəhs edən maarifləndirici tədbirlər keçirilib-Özəl

218

Sosialmedia. az xəbər verir ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən dekabrın 12-də Azərbaycan Ordusunun birlik, birləşmə və hərbi hissələrində, Əlahiddə Ümumqoşun Ordu, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.

Plana uyğun olaraq, hərbi hissələrdə ictimai-siyasi hazırlıq dərsləri, Ulu Öndər Heydər Əliyevin şərəfli həyat və fəaliyyətindən bəhs edən maarifləndirici tədbirlər keçirilib və digər fəaliyyətlər icra olunub.
Şəxsi heyət və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirlərdə Ümummilli Liderin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirlərdə Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolu və çoxşaxəli fəaliyyəti, Azərbaycanın iqtisadi, siyasi, hərbi, sosial, mədəni və digər sahələri üzrə gördüyü işlərdən danışılıb, dünya miqyaslı dövlət xadiminin atdığı addımlar minnətdarlıq hissi ilə xatırlanıb.

Qeyd olunub ki, Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərdə onun zəngin dövlətçilik təcrübəsi və müdrikliyi sayəsində Azərbaycan sabit inkişaf yoluna qədəm qoyub, ordu quruculuğu prosesi qanuni əsaslarla həyata keçirilib.
Bildirilib ki, bu gün digər sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də Ulu Öndərin siyasi xətti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Çıxışlardan sonra Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivləri tərəfindən ədəbi-bədii kompozisiyalar təqdim edilib.