Giləzidə 2 ədəd 100 mm-lik top mərmisinin gilizi aşkarlanıb

136

Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində 2 ədəd boş vəziyyətdə 100 mm-lik top mərmisinin gilizi aşkar edilib.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) SosialMedia.az-a verilən məlumata görə, yanvarın 8-də saat 17:15-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 17:30-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Agentliyə Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində 2 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Xızı rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Xızı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd oluan ərazidə otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd boş vəziyyətdə 100 mm-lik top mərmisinin gilizi aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Gilizlərin ətrafında 1 800 kv.m əraziyə yerüstü, 100 kv.m ərazi isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.