Onlar əslində dövləti sabotaj edirlər – QHT sədri

273

Gözləmədiyin halda qarşına elə məsələlər çıxır ki… 2020 hər birimiz üçün sınaq ili olmaqda davam edir. SosialMedia.az xəbər verir ki, bu sözləri “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri,müstəqil jurnalist Mətanət Əsgərqızı qeyd edib.

Dövlətin ümdə vəzifəsi vətəndaşı qorumaqdır. Coronivurus Pandemiyası başlayan ilk gündən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkədə fəaliyyət göstərən bütün strukturları bu bəlayla mübarizəyə səfərbər olmağa yönəltdi. Bu məsələdə işinin öhdəsindən gələnlər də oldu olmayanlar da. Hələlik bu başqa söhbətin mövzusudur.

Covid-19un ilk zamanından Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də dəfələrlə keçirdiyi onlayn müşavirələrdə hər kəsi qanunlara və qaydalara riayət etməyə çağırdı. Koronavirus Pandemiyası hələ də ciddiliyini qoruduğundan kütləvi tədbirlərin, o cümlədən yas və toy mərasimlərinin keçirilməsinə qadağa qüvvədədir. Məsuliyyətsizlik edib qanunu pozan vətəndaşlar cəzalandılar.Cərmələr tətbiq olundu.Daxili işlər orqanları xüsusi karantin rejiminin tələblərini pozaraq əyləncə təşkil edən, toy, yas və s. mərasimləri keçirən onlarla şəxsi məsuliyyətə cəlb etdi. Bundan sonra da bu tədbirlər davam etdirilməlidir. Vəzifəsindən, daşıdığı siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs qanunlara tabe olmalıdır.

Sadaladıqlarımız bir daha sübut edir ki, dövlət öz vətəndaşının sağlam olmasında israrlıdır. Tezliklə bu bəladan az itki ilə çıxmaq istəyir. Belə olan halda ölkəmiz və vətənimiz naminə hər bir Azərbaycan vətəndaşı OQ-nın qoyduğu qaydalara ciddi əməl etməlidir. Lakin ara-sıra insanlar hansısa vəzifəli məmurun qonaqlıq, toy və nişan mərasimi keçirməsinin xəbərini eşidərək qəzəbləndiyinin şahidi oluruq. Hər kəs haqlıdır. Çünki qanunları qoruyacaq, illərlə vəzifələr daşıyan, bəzən vətəndaşa qəddar münasibət göstərərək Milli Məclisin iclaslarında onların ciddi cəzalanmasını istəyənlər indi özlərini toxunulmaz hiss edirlər. Qanunlara meydan oxuyurlar. İllərlə vətəndaş cəmiyyəti üzvləri və jurnalistlər onların neçə-neçə faktlarının üstünü açaraq bu şəxslərin dövlətə sədaqətli olmadığını sübut etdilər.

Bu şəxslərin çoxu 5-ci kolon kimi fəaliyyət göstərərək YAP, icra strukturlarında, lap elə Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasında və digər strukturlarında yuva salıblar. Bunlara elə bil artıq tapşırıq verilib-itaətsizlik göstərmək. Pandemiya dövründə dövlətin qoyduğu qaydalara əməl etməməyin adı həm də sabotajdır.Əslində məlum toyda iştirak edənlər dövləti sevmədiklərini, onun təməllərini qazmaqda davam etdiklərini, onları vəzifələrə məsləhət görənə sədaqətli olduqlarını sübut etdilər. Hamısının kim olduğu, hansı dəyirmana su tökdükləri bir daha açıqlandı. Sədaqətli olmaq yüksək əxlaqlı olmaq deməkdir.

Lakin, bir lakin var ki, o da məhz onları vəzifələrə təyin edən və əmrlərini imzalayan Azərbaycan Respublikasının Prezidentidir. Kaş Prezidentə də sədaqətli olaydılar. Olmadılar, çünki artıq maskaları cırılıb. Mən Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının rəhbərlərindən xahiş edirəm, qanunları pozan, qeyd etdiyim kimi itaətsizlik göstərərək toy məclisində iştirak edən hər kəs araşdırılsın. Siyahılar ictimailəşdirilsin və Prezidentə təqdim olunsun.Onlar vəzifələrindən alınsınlar. Hər kəs onun qarşısında bərabər hüquqa malikdir. Bu ölkədə nəhayət qanun şah olmalıdır.
Mətanət Əsgərqızı Müstəqil jurnalist, Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri