Fransanı Türkiyəyə qarşı çevirən 3 səbəb

133

Fransa Prezidenti Emmanuel Makron apardığı xarici siyasətlə demokratik president deyil, işğalçı imperator kimi aparır. Xüsusilə vahid Avropa ordusu layihəsi, eyni zamanda antitürk siyasəti bu fikri bir daha təsdiqləyir.

Sosialmedia.az bildirir ki, Bu sözləri Axar.az-a politoloq Turab Rzayev son zamanlar Fransa-Türkiyə münasibətlərində yaşanan soyuqluq və bu ölkənin NATO-ya alternativ vahid Avropa ordusu yaratmaq planları haqda danışarkən deyib.

Politoloqun sözlərinə görə, dünya artıq çoxqütblüdür:

“Artıq “Vahid Qərb siyasəti” deyilən anlayış yoxdur. Düzdür, bundan öncə də hər bir ölkənin öz maraqları vardı, lakin Qərb ölkələrinin adətən ortaq maraqlar çərçivəsində hərəkət etdiyini görürdük. Bunu ABŞ-ın həmin ölkələr üzərində tənzimləyici mexanizm rolunda çıxış etməsilə əlaqələndirmək olar.

Əslində, mövcud dünya siyasətinə baxdıqda ABŞ-ın təsirinin günü-gündən azaldığını demək olar. Daha doğrusu, rəsmi Vaşinqton kənardan arbitr rolunu oynamaqla kifayətlənir. Bu, istər-istəməz müxtəlif regionlarda boşluqlar yaranmasına səbəb olur. ABŞ-ın təsirinin azaldığı regionlardakı boşluqları isə Rusiya, Çin, İran, BƏƏ, Səudiyyə Ərəbistanı, Türkiyə, Fransa kimi ölkələr doldurmağa çalışır. Məhz bu səbədən də biz bir regionda bir neçə ölkənin maraqlarının kəsişdiyini görə bilirik.

Bu gün Fransanın Türkiyəyə qarşı aqressivləşməsinin başlıca səbəbi budur. Türkiyə regionda öz təsirini gücləndirməyə çalışır. Misal üçün, Suriya, İraqda apardığı hərbi əməliyyatlar, Liviyada hərbi baza yaratması bu regionlara marağı olan Fransanın planlarını alt-üst edir. Rəsmi Ankara bu günə qədər Parisin planlarını bir yox, bir neçə dəfə pozub.

Birincisi, Fransa Suriyada hərbi baza yaratmaq istəyirdi. Bundan əlavə PYD ilə birlikdə özünə bağlı yeni bir dövlət qurmaq planı vardı. Lakin Türkiyənin Suriyaya hərbi müdaxiləsi zamanı həm bu hərbi baza, həm də PYD silahlıları məhv edildi.

İkincisi, Fransa Liviyaya da müdaxilə etmək istəyirdi. Hətta rəsmi Parisin Haftara verdiyi dəstək nəticəsində qiyamçı marşal paytaxt Tripolini ələ keçirmək üzrəydi. Lakin Türkiyənin müdaxiləsi ilə Fransanın bu planı da alt-üst oldu.

Üçüncüsü, Türkiyə uzun müddətdir ki, Fransanın keçmiş müstəmləkələri olan Qərbi Afrika ölkələri ilə sıx əlaqələr qurur. Rəsmi Ankaranın bu ölkələrə göstərdiyi hərbi-iqtisadi yardımlar Fransanın səbrinin daşmasına gətirib çıxardı”.

Politoloqun sözlərinə görə, Fransa yaxşı başa düşür ki, Türkiyə NATO-da olduğu müddətdə bu ölkəyə istədiyi şəkildə təzyiq edə bilməyəcək:

“Fransa Yunanıstan məsələsində Avropa ölkələrini inandırmağa çalışır ki, ehtimali bir müharibədə Avropa İttifaqı ölkələri Yunanıstana dəstək verə bilməyəcək. Bu mənada rəsmi Paris çoxdankı arzusu olan vahid Avropa ordusu yaratmaq layihəsini Avropa İttifaqına təqdim edib. İttifaq daxilində Fransa ilə razı olmayan ölkələr də var. Xüsusilə İtaliya və ABŞ bu gün Fransanın qarşısında duran başlıca maneələrdir. Digər tərəfdən, Avropada heç də hər kəs Fransanın hegemon olmasını qəbul etmir. Bütün bunlara görə Paris ciddi problemlər yaşayır”..