Azərbaycanda daha bir keçmiş məmura cinayət işi açıldı

131

İsmayıllı rayonu, Tircan bələdiyyəsinin sədri Əhməd Çələbiyevin bələdiyyə sədri işlədiyi dövrdə qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında İsmayıllı rayon prokurorluğunda araşdırma aparılıb.

İsmayıllı rayon Prokurorluğundan SosialMedia.az -a daxil olan xəbərə görə, aparılmış araşdırmalarla Əhməd Çələbiyevin 2016-2020-ci illərdə bələdiyyə sədri vəzifəsində işləyən zaman bələdiyyəyə məxsus 65 hektar torpaq sahəsini yalan məlumatlar daxil etməklə tərtib etdiyi icarə müqaviləsi əsasında 3 il müddətinə Əflatun Həsənova verməsinə əsaslı şübhələr müəyyənləşdirilib..

Faktla bağlı İsmayıllı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.