İctimai Birlik Qax rayonunun Qum kəndində maarifləndirici tədbir keçirib-Özəl

101

Sosialmedia.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yeni Fikir” JHİB tərəfindən həyata keçirilən “Müharibə iştirakçılarının dövlətin sosial siyasət sahəsindəki qanunvericiliklə bağlı maarifləndirmə təşəbbüsləri” layihəsi çərçivəsində Qax rayonu, Qum kəndində 20 nəfər şəhid ailələri, qazilər və veteranların iştirakı ilə maarifləndirici tədbir keçirildi.
Tədbir 1988-ci ildən üzü bəri Qarabağda şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.

Tədbiri giriş sözü ilə layihə rəhbəri və eyni zamanda təşkilatın sədri Elmira Mehdiyeva açaraq iştirakçıları layihənin məqsəd və məramı ilə tanış edir. Qeyd edir ki, ordumuz 2020-ci ilin sentyabr ayında başlanan 44 günlük müharibədə qəsbkar erməni işğalçıları üzərində misli görünməmiş qələbə qazanaraq 30 ildən artıq bir zamanda işğal altında olan torpaqlarımızı azad etdi. Müharibə bitsə də onun bizlərə buraxdığı izləri silmək, qazilərimizin, veteranlarımızın, şəhid ailələrinin normal həyata qovuşmaları üçün zaman lazımdır. Müharibə həyatımıza yeni reallıqlar gətirdi. Qələbəyə sevinirik, Lakin unutmamalıyıq ki, ətrafımızda müharibənin odu-alovundan çıxan çox sayda insan və bu insanların ailələri var. Bu artıq bir problemdir və o problemin həllində QHT-lər fəal iştirak etməlidirlər.Müharibəyə üç silahdaş qoşulur. Biri şəhid olur, biri yaralanaraq əlil olur, biri də veteran olur. Bunların hər üçü bizim üçün əziz olur. Layihədən onların əhəmiyyətli hissəsinin faydalanmasına səy göstərəcəyik.

Zəfər tarixi və onun yaratdığı yeni reallıqlar ilə bağlı belə layihələrin icrası bu cəhətdən aktualdır. Həyata keçirilməsini nəzərdə tutduğumuz bu layihədə tədbirləri Zaqatala, Qax və Balakən rayonlarında icra etməyi nəzərdə tutmuşuq. Müxtəlif millətlərin kompakt halda yaşadığı bu bölgənin igid oğullarının qəhrəmanlıqları bu gün də dillərdə gəzir.

Təlimçi İbrahim İbrahimov çıxış edərək demişdir:- Bu rayonlarda yaşayan şəhid ailələrinin, qazilərin, və müharibə iştirakçılarının da dövlətin sosial siyasəti və bu sahədə mövcud olan qanunvericiliklə bağlı maarifləndirilməsinə ehtiyacı vardır. Şəhid ailələri, qazilər və müharibə iştirakçılarının sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərlə Azərbaycan dünya miqyasında öz modelini ortaya qoyub.Həmin sosial qrupdan olan insanların Qanunvericiliklə müəyyən edilən hüquqlarına dair maarifləndirici söhbətlərin mütəmadi aparılmasına ehtiyac vardır.

İştirakçıların fəal surətdə qoşulduğu müzakirələrdə onları maraqlandıran bir çox məsələlərə aydınlıq gətirilir, onların həll etmək istədiklərini vurğuladıqları bütün məsələlərin qeydiyyatı aparılır. Bu barədə müvafiq qurumların qarşısında məsələ qaldırılmasına səy göstəriləcəyi bildirilir.

Qax Rayon İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçısı və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Malik Həmzəyev bildirir ki, Qum kəndi çox da böyük kənd olmasa da onun oğulları çox vətənpərvər və qəhrəmandırlar. Qarabağ müharibəsi başlanandan üzü bəri bu kənd 10 şəhid verib. 44 günlük müharibədə bu kənddən könüllü olaraq gediş vuruşan gənclərin biri şəhid olub, 3-ü əlillik dərəcəsi alan qazidir, 28 nəfər isə veteran statusu alıb. Bu günki tədbiri əhəmiyyətli sayıram ona görə ki, biz burada həm 1990-cı ildən üzü bəri olan döyüşlərin qazilərini, həm şəhid ailələrini, həm də 44 günlük müharibənin qazilərini və veteranlarını bir arada görürük.

Onların hamısı bir amal uğrunda, Vətənimiz Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi uğrunda döyüşüblər və onlara göstərilən qayğıda dövlət tərəfindən heç bir ayrı-seçkilik yoxdur. 44 günlük müharibədə qəhrəmanlıqla döyüşərək qazi olmuş Nicat Muradov həm müalicəsi, həm də işlə təmin olunması sahəsində dövlətin qayğısından razılıqla danışır. O on gün olar ki, Qax Rayon İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçısı və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib. 1993-cü ildə Ağdam uğrunda döyüşlərdə qazi olmuş Şıxəliyev Qafar bildirmişdi ki, məşğulluqla bağlı problemlərimiz ya həll olunmur, ya da çox ləng həll olunur. Müddət uzun çəkir.

Aybəniz Mamayeva bildirir ki, qaynı birinci Qarabağ savaşında itkin düşüb, əri isə veterandır. Onun işlə təmin olunmağa böyük ehtiyacı var. Abit Əfəndiyevin əsas narazılığı əlilliyin təyinatı ilə bağlı idi. O qeyd edir ki, ayaqlarım ciddi zədə alıb, normal hərəkət edə bilmirəm, mənə əlillik vermədilər. Süleyman Abdullayev bildirir ki, ikinci qrup əlildir. Nədənsə onun müraciətləri heç vaxt həllini tapmayıb. Arı ailələri götürmək istəyib götürə bilməyib, maşın növbəsinə dayanıb ala bilməyib. O qeyd edir ki, avtomobillə təminat üçün qoyulan maddələr sadələşdirilsə yaxşı olardı. Qüdrət Məmmədov bildirir ki, bir qardaşım şəhid olub, biri də yaralanıb. Vətən darda olsa biz yenə də getməyə hazırıq.
Aliyə Dəhlətkari bildirir ki, 1997-ci ildə qardaşım xidmət zamanı keçirilən əməliyyatların birində itkin düşüb. Ona şəhid statusu verdilər. 10 ildən sonra bu statusu onun üzərindən götürdülər. Bizə heç bir izahat vermədilər. Anamın göz yaşları o gündən qurumur. Qardaşım Həşim Qurbanovun şəhidlik statusunun bərpa olunmasını istəyirik.
Yədulla Rəcəbov bildirir ki, özü birinci Qarabağ müharibəsində ən ağır döyüşlərdə iştirak edib. 4 oğlu var. Onun 3 oğlu 44 günlük müharibənin iştirakçısı olub. Böyük oğlu Aprel döyüşlərinin iştirakçısı olub, Lələtəpədə vuruşub. O torpaq sahəsi istəyir. Qeyd etdiyim və etmədiyim çıxışlarda deyilən hər bir problem ekspert tərəfindən qeyd edildi və bu problemlərin həll olunma mexanizmləri iştirakçılara izah edildi. Bu problemlərə hüquqi aspektdən qiymət verildi. Məlum olur ki, kənd adamlarının çoxunun qarşılaşdığı problemin həll olunmamasına səbəb onların müraciətin ünvanını və mexanizmini dəqiq bilməmələri olmuşdur.

Qax Rayon İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçısı və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Malik Həmzəyev və İcra Hakimiyyətinin Qum kəndi üzrə nümayəndəsi Abdulla Əliyev də irəli sürülən təklif və fikirlərə öz münasibətlərini bildirdilərərək iştirakçıların suallarını cavablandırırlar. Birmənalı olaraq isə torpaqla bağlı məsələlərə bələdiyyəyə ərizə ilə müraciət etmələrini tövsiyə etdilər.
Gəldiyimiz qənaət bundan ibarət oldu: qazilərimizin, veteranlarımızın, şəhid ailələrinin qanunvericiliklə müəyyən edilən hüquqlarına dair maarifləndirici söhbətlərin mütəmadi aparılmasına ehtiyac vardır.

Çay süfrəsi arxasında davam edən tədbir iştirakçıları razı salır və onlar belə layihələrə daha geniş yer verilməsini məqsədəuyğun bilirlər.