İranın düşmənçilik fəaliyyəti birbaşa terror müstəvisinə keçib-Özəl

126

Azərbaycan ərazisinin 20 faizinin işğalda olduğu dövrdə işğalçılıq faktı ilə barışmayan əsas dövlət İran olmalı idi. Çünki hər iki dövlət qonşu olmaqla yanaşı, həmçinin İslam dininin daşıyıcılarıdır. Bizim tarixi mədəniyyət bağlılıqlarımız, 40 milyona qədər azərbaycanlının İranda yaşaması faktı bunu şərtləndirirdi. Ən əsası isə Ermənistan işğal etdiyi Azərbaycan ərazisində olan dini abidələri dağıdır və ya təhqir edirdi. Amma çox təəssüf ki, həmin dövrdə İran bu proseslərdən qaçmaq və ya Ermənistanı müdafiə etmək yolunu tutdu. Azərbaycan isə bu məsələdə qonşuluq və digər məqamları nəzərə almaqla təmkinli davranmağa çalışdı. Qırx dörd günlük müharibədə isə artıq İran özünün əsl simasını göstərməyə başladı. Yaxın tarixdə İran Azərbaycana qarşı düşmənçilik fəaliyyətini o qədər açıq həyata keçirir ki, bəlkə də çoxgedişli hər hansı versiyaları düşünməyə ehtiyac qalmır. Çünki İranın düşmənçilik fəaliyyəti birbaşa terror müstəvisinə keçib. Tehrandakı Azərbaycan səfirliyinə silahlı hücum, daha sonra Bakıda baş verən casus şəbəkəsinin fəaliyyəti, müəyyən silahlı hadisələr və sonda Milli Məclisin deputatı Fazil Mustafaya qarşı həyata keçirilən terror aktı İranın Azərbaycana hazırladığı və həyata keçirildiyi çox çirkin düşmənçilik siyasətinin görüntüləridir.

Sosialmedia.az xəbər verir ki, bu sözləri “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirib.

O bildirib ki, sonucu fakt Milli Məclisin deputatı Fazil Mustafaya qarşı həyata keçirilən terror aktının gizlin, konspirativ şəkildə hazırlanıb və həyata keçirildiyi hər kəsə bəllidir. Bu terror aktı İran xüsusi xidmət orqanlarının rəhbərliyi ilə onun Azərbaycandakı terrorçu şəbəkəsi tərəfindən hazırlanıb və reallaşdırılıb. İlkin təhlillər də onu göstərdi ki, cinayət yeri xüsusi seçilib, ərazi kor zona olub, heç bir kamera qeydi olmayıb. Bir sözlə terror aktı İranın xüsusi xidmət orqanları tərəfindən hazırlanıb. Hüquq –mühafizə orqanları tərəfindən əvvəlcə terror aktının sifarişçisi müəyyən edilib, sonra isə icraçıları. Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Təhlükəsizliyi Xidmətinın (DTX) şəxsi heyətinin birgə səyləri, polis əməkdaşlarının peşəkarlığı və fədakarlığı sayəsində aprelin 2-dən 3-nə keçən gecə cinayətkar dəstənin üzvləri həbs ediliblər.

“İran tərəfi hesab edirdi ki, Azərbaycanın hüquq-mühafizə orqanları cinayətkarların izinə düşə və onları zərərsizləşdirə bilməyəcək. Tehran dövləti terror sahəsinə aludəçiliyini nəzərə alsa da, Azərbaycanın təhlükəsizlik qurumlarının və hüquq-mühafizə orqanlarının peşəkarlığını və əzmini diqqətdən qaçırıb.

Hesab edirəm ki, DİN və DTX-nın birgə səyləri ilə əməliyyat planı hazırlanaraq, terrorun sifarişçisinin və icraçılarının qısa müddətdə müəyyənləşdirilməsi və həbsi düşmənlər üçün də dərs olmalıdır. Ölkənin hüquq-mühafizə orqanlarının bu kimi terror aktlarının qarşısını öncədən almasına, hər hansı kor zonada cinayət törədənin də dərhal müəyyən olunaraq ədalət mühakiməsinə çəkiləcəyinə heç kimin şübhəsi olmasın”, – deyə C.Hüseynzadə qeyd edib