QHT sədri: Ermənistan metallurgiya terroru ilə növbəti dəfə beynəlxalq öhdəlikləri pozur- Özəl

281

Ermənistan 30 il ərzində beynəlxalq hüququn təməl prinsiplərini pozub. Azərbaycan Ordusu 44 günülük Vətən müharibəsi ilə öz ərazi bütövlüyünü təmin etməklə BMT-nin qərarlarının icrasını təmin etdi. Amma Ermənistan yeni forma və metodlar tapmaqla Azərbaycana qarşı düşmənçilik mövqeyini başqa formada büruzə verir. Ermənistan bu zərərli fəaliyyətləri zamanı beynəlxalq hüququ, öz üzərinə götürdüyü beynəlxalq öhdəlikləri pozur. Ermənistan tərəfindən Naxçıvan Muxtar Respublikası ilə sərhəddə iri metallurgiya zavodu tikilməsi məhz Azərbaycan əhalisi üçün ekoloji təhlükə mənbəyidir.

Ermənistanın bu cür addımı BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasının (Espo Konvensiyası) kobud şəkildə pozulması deməkdir.

Sosialmedia.az xəbər verir ki, bu sözləri “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.

O bildirib ki, Konvensiyaya görə, bu cür layihələrin, digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri olduğu halda, bu fəaliyyət həmin ölkənin müvafiq qurumları ilə razılaşdırılmalıdır. Başqa sözlə, Ermənistan Espo Konvensiyasının üzvü olaraq sözügedən fəaliyyətə başlamazdan öncə layihənin ətraf mühitə təsirinin qiymətləndirilməsi prosedurunda ölkəmizin də iştirakını təmin etməli idi. Bu qiymətləndirmədə təkcə Azərbaycanın dövlət qurumları deyil, eyni zamanda, ictimaiyyət nümayəndələri (ekspertlər, ekoloji fəallar, QHT-lər və s.) iştirak etməlidir.

“Hesab edirəm Espo Konvensiyası müddəaların həyata keçirilməsi baxımından Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası rolunu oynamalıdır. Konvensiyanı qəbul edən ölkələrin ona riayət etməsinə nəzarət gücləndirilməli, qurum tərəfindən araşdırma aparılmalı və Azərbaycanın mövqeyinin nəzərə alınması təmin edilməlidir. Ermənistan bu zavodu Azərbaycan sərhədində inşa etməklə bir tərəfdən Azərbaycanın ekoloji mühitinə və Azərbaycan əhalisinin sağlamlığına zərər vurmağı düşünür, digər tərəfdən isə sülh danışıqları ilə bağlı irəliləyişi əngəlləmək məqsədi daşıyır. Ermənistan hər zaman diplomatik masada irəliləyiş olan kimi, kənar müdaxilələrlə prosesi dayandırmağa cəhd edir. Digər vacib məqam da ondan ibarətdir ki, metallurgiya zavodunun inşa olunduğu Arazdəyən ərazisi də Azərbaycanın tarixi torpaqlarıdır”, – deyə C.Hüseynzadə qeyd edib.