“Neftçi İdman Klubu” 2023-cü ili yüksək nəticələrlə başa vurur-Özəl

378

Sosislmedia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bədən tərbiyəsi və idman sahəsində həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində bu gün Azərbaycan idmanı yüksək inkişaf səviyyəsinə çatıb. Azərbaycan idmançılarının nüfuzlu beynəlxalq idman yarışlarında qazandıqları nailiyyətlər, həmçinin dünya miqyaslı mötəbər tədbirlərin respublikamızda uğurla keçirilməsi bunun bariz göstəricisidir.
“Neftçi” İdman Klubu bu sahədə dövlət siyasətinin həyata keçirilməsində daim yaxından iştirak edir və 2023-cü ildə də öz işini uğurla davam etdirib. Cari ildə mütəmadi olaraq neft, qaz və kimya sənayesi işçiləri arasında ölkəmizin əlamətdar tarixi və bayram günlərinə həsr olunmuş idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edən klub, həmçinin peşəkar idmançıların yetişdirilməsi işində də uğurla çalışır və Azərbaycan idmanının inkişafına dəyərli töhfələr verir.

Yola saldığımız ildə, “Neftçi” İdman Klubunun istifadəsində olan dörd idman qurğusunda: Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksi, Qaradağ Təlim-İdman Bazası, Məşəl İdman Kompleksi və Sumqayıt Təlim-İdman Zalında idmanın 26 növü üzrə bölmələrdə 105 peşəkar məşqçi-müəllimin rəhbərliyi ilə 2000-dən çox yeniyetmə və gənc, eləcə də yüzlərlə neftçi idmanla məşğul olub.

2023-cü ildə “Neftçi” İdman Klubunun fəaliyyətinin əsas istiqaməti kimi, SOCAR-ın strukturuna daxil olan neft, qaz və kimya sənayesi müəssisələrində çalışan işçilərə və onların ailə üzvlərinə təmənnasız bədən tərbiyəsi və idman xidmətləri göstərilib. “Neftçi” İdman Klubu tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol, qadınlar və kişilər arasında voleybol, səmti müəyyənetmə, üzgüçülük, stolüstü tennis turnirləri təşkil olunub. Bundan əlavə, 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş dama, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş «Atam, anam və mən» turizm, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş şahmat üzrə kütləvi bədən tərbiyəsi və idman tədbirləri keçirilib ki, bu yarışlarda yüzlərlə neftçi iştirak edib.

Keçirilən yarışların nəticələrinə əsasən SOCAR-ın müxtəlif idman növləri üzrə yığma komandalarının heyəti müəyyən olunub, həmin komandalar il ərzində dövlət qurumları arasında təşkil olunan müxtəlif turnirlərdə böyük nailiyyətlər əldə ediblər.

İl ərzində böyük idman və peşəkar idmançıların hazırlığı sahəsində də çoxsaylı uğurlar qazanılıb. 2023-cü ildə “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər – şahmat, boks, yunan-Roma güləşi, sərbəst güləş, akrobatika, budo, cüdo və qılıncoynatma idman növləri üzrə “Neftçi” İdman Klubunun açıq birincilikləri təşkil olunub.
2023-cü il ərzində klubun təmsilçiləri yeniyetmə və gənclər, eləcə də böyüklər arasında Avropa, dünya çempionatlarında, həmçinin digər nüfuzlu beynəlxalq turnirlərdə, respublika və paytaxt miqyaslı yarışlarda, digər idman klubları və mərkəzlərinin açıq birinciliklərində yüksək nəticələr əldə ediblər. Ümumilikdə bu yarışlarda 997 medala sahib olan idmançılarımızın 347-si qızıl, 277-si gümüş, 373-ü isə bürünc medala layiq görülüb.

2023-cü ildə ən böyük uğura klubun güləşçiləri və cüdoçuları imza atıblar, dünya və Avropa çempionatlarında böyük əzmkarlıq göstərərək tarixi nailiyyətlər qazanıblar.

“Neftçi” İdman Klubunun üzvləri, həmçinin boks, muay-tay, karate, güllə atıcılığı, şahmat, ağırlıqqaldırma yarışlarında yüksək nəticələrə imza atıblar. İl ərzində paralimpiyaçılarımız da üzgüçülük, cüdo, para güllə atıcılığı, parataekvondo yarışlarında uğurla çıxış ediblər.
Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən 2023-cü ilin idman yekunlarına həsr olunmuş “İlin idman yekunları” ilə bağlı tədbirində klubun idmançıları müxtəlif nominasiyalar üzrə ilin qalibləri elan ediliblər.