Boy hormonu çatışmazlığı olan uşaqlarla bağlı proqram hazırlanır

443

Səhiyyə Nazirliyi və Respublika Endokrinoloji Mərkəzi böyümə hormonu (somatotrop hormon) çatışmazlığı olan uşaqlarla bağlı proqram üzərində işləyir.

Bu barədə SosialMedia.az-a Respublika Endekrinloji Mərkəzin həkim-endekrinoloqu Nərmin İsmayılova bildirib. Onun sözlərinə görə, hələ ki, proqram üzərində iş gedir. Əgər proqram təsdiqlənsə, boy hormonu çatışmazlığı olan uşaqlar pulsuz dərmanla təmin edilə bilər: “Burada məqsəd 14 yaşına qədər boy hormonu çatışmazlığı olan uşaqların dərmanla təmin edilməsidir. Bu hormonun qiyməti baha olduğuna görə, bütün uşaqların təmin olunması problemi var”.

N.İsmayılovanın sözlərinə görə, uşaqlar pediatr-endokrinoloq tərəfindən yoxlanılır və onlara somatotrop hormon çatışmazlığı diaqnozu qoyulur:

 “Uşaqlar ona görə 14 yaşa qədər seçilir ki, böyümə zonası açıq və verilən boy hormonunun təsiri olsun. 14 yaşdan sonra böyümə zonası bağlanılır. Yəni 16 yaşında artıq böyümə zonası bağlanmış olduğu üçün o hormonu qəbul etməyin təsiri olmur. Hər qısa boyluluq boy hormonu çatışmazlığı demək deyil.

Fizioloji cəhətdən düzgün qidalanmayan uşaqlar var ki, onların boyları normadan aşağı olur. Ata-anada balaca boyluluq ola bilər ki, uşağın boyunun qısalığı da buna bağlı olsun. Yaxud da digər genetik xəstəliklərlə bağlı da ola bilər. Son 6 ayda somatotrop hormon çatışmazlığı diaqnozu olan 125 uşağı nəzarətə götürmüşük ki, onlar boy hormonu ilə təmin olunsun”.